...

MSK-dakı katib vəzifəsini hansı partiyanın nümayəndəsinin tutacağı müəyyənləşməyib

Siyasət Materials 25 Dekabr 2006 14:55 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasında (MSK) parlament azlığını təmsil edən katib vəzifəsini hansı partiyanın nümayəndəsinin tutacağı hələlik məlum deyil.

Bunu Trend ə açıqlamalarında Milli Məclisdə təmsil olunan müxalifət partiyalarının sədrləri bildiriblər.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazada bildirib ki, bu məsələnin həlli ilə bağlı aparılan müzakirələr haqqında məlumatları yoxdur. Çünki MSK bununla bağlı Demokratik İslahatlar Partiyasına heç bir məlumat verməyib. Partiya bu məsələ ilə bağlı aparılıacaq müzakirələrdə iştirak edəcək.

"Ancaq mən hesab edirəm ki, Azərbaycanın seçki sistemində ciddi islahatlar aparılmalıdır. MSK da daxil olmaqla seçki komissiyalarının siyasi partiyaların nümayəndələrindən təşkil olunması problemlər yaradır. Seçki prosesini siyasi partiyaların nümayəndələri deyil, mütəxəssislər həyata keçirməlidir".

A.Mollazadə ələvə edib ki, seçki islahatlarının həyata keçirilməsi ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Avropa Şurası Venesiya Komissiyasının irəli sürdüyü təkliflərin nəzərə alınması və islahatların həmin tövsüyyələr əsasında həyata keçirilməsi vacibdir.

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov isə qeyd edib ki, bu məsələ ilə bağlı müzakirələr aparılmır. "Mən elə bilirəm ki, bu məsələni MSK həll etməlidir. MSK-dakı katib yerini Ədalət Partiyasına versələr, yaxşı olar. Bizim katib vəzifəsini tutmaq iddiamız var."

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə deyib ki, MSK-dakı katib vəzifəsini hansı partiyanın nümayəndəsinin tutacağı məsələsi gündəmdə deyil. "Amma mən hesab edirəm ki, bu məsələnin həll olunması vacibdir. Ümid Partiyasının həmin yerə iddiası var. Lakin bu məsələ parlamentdə azlıq təşkil edən partiyalar arasında müzakirə olunmalıdır."

İ.Ağazadə əlavə edib ki, yaxın günlərdə belə müzakirələrin aparılması gözlənilmir.

Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev də bu məsələ ilə bağlı müzakirələrin aparılmadığını deyib.

Milli Məclisdə təmsil olunan Vətəndaş Həmrəyliyi, Böyük Quruluş və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarından məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Müsavat Partiyası isə MSK-ya nümayəndə göndərməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti