...

"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun parlamentin yaz sessiyasında müzakirə olunacaq

Siyasət Materials 2 Fevral 2007 19:57 (UTC +04:00)

"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Bu barədə Trend ə açıqlamasında Milli Məclisin sosial siyasət komissiyasının üzvü, deputat Elmira Axundova bildirib.

Onun sözlərinə görə, cəza çəkmə müəssələrindən azad olunan məhbusların xeyli hissəsi təkrar məhbəsə qayıdırlar.

"Bunun əsas səbəblərindən biri ailə və qohumlarla əlaqələrin qırılması, həmin şəxslərin bir növ cəmiyyətdən təcrid olunmuş vəziyyətə düşməsidir. Ona görə də, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin əmək məşğulluğunun təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsilə cəlb olunması, zəruri hallarda şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin edilməsinə yardım göstərilməsi vacib məsələdir", - deyə E.Axundova vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, qanunda deyilir ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunan şəxslərin hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən yenidən cinayət törədilməsinin və onlara təsir göstərə biləcək kriminogen amillərin qarşısının alınması da sosial adaptasiyaya daxil olan tədbirlərdir.

Xəbər lenti

Xəbər lenti