...

Eldar İbrahimov: "Qoran Lenmarker Azərbaycan və Ermənistan arasında konsensusun olmasına çalışsa da, bu mümkün deyil"

Siyasət Materials 3 Fevral 2007 14:27 (UTC +04:00)

"ATƏT Parlament Assambleyasının sədri, qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lenmarker çalışır ki, Azərbaycan və Ermənistan arasında konsensus olsun. Bu isə mümkün deyil." Bu sözləri Trend ə açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov deyib.

Xatırladaq ki, Q.Lenmarkerin hazırladağı məruzənin ilkin variantı rəsmi Bakını qane etmirdi. Sənəddə müəyyən dəyişikliklərin edildiyi haqqında məlumatlar olsa da, məruzəçi bunu təkzib edib. O deyib ki, hazırladığı məruzədə heç bir dəyişiklik etməyib.

Sənədin son variantı ilə tanış olmadıqlarını bildirən E.İbrahimov deyib ki, Azərbaycan və Ermənistan arasında konsensus mümkün olmadığına görə, Q.Lenmarkerin hazırladığı məruzənin ATƏT PA-nın iclasında müzakirə olunması çətinlik törədir.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırlanan məruzənin ATƏT PA-da müzakirəsi yaranmış vəziyyətə heç bir təsir göstərməyəcək.

"Çünki Qoran Lenmarker deyir ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur və Minsk qrupu qərar qəbul edəndən sonra ATƏT PA məsələni müzakirə edə bilər", -deyə millət vəkili əlavə edib.

E.İbrahimov vurğulayıb ki, ATƏT PA-nın 2004-cü ildə Şotlandiyanın Edinburq şəhərində keçirilən sessiyasının sonunda qəbul olunmuş qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi öz əksini tapıb.

"2005-ci ildə isə Avropa Şurası Parlament Assambleyası Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə dair qətnamə qəbul edib. Lakin belə qətnamələrin qəbul olunmasının nəticəsi yoxdur. Heç bir beynəlxalq təşkilat bu qətnamələr əsasında Ermənistana sanksiya tətbiq etmir. Ona görə də belə qətnamələr kağız üzərində qalır", -deyə millət vəkili əlavə edib.

Onun sözlərinə görə, Q.Lenmarkerin bölgəyə səfəri zamanı məruzə ilə bağlı bir sıra məsələlərə aydınlıq gətiriləcək.

Xəbər lenti

Xəbər lenti