...

Araz Əzimov: Azərbaycan və İtaliya regionlararası əməkdaşlıqda mühüm rol oynaya bilərlər

Siyasət Materials 7 Fevral 2007 18:34 (UTC +04:00)

Azərbaycan və İtaliya, Xəzər və Aralıq dənizi bölgələrində əsas ölkələr kimi, regionlararası əməkdaşlıqda mühüm rol oynaya bilərlər. Azərbaycanın bu mövqeyini xarici işlər nazirinin müavini Araz Əzimov fevralın 7-də Romada başa çatan Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və çoxtərəfli siyasi məsələlər üzrə məsləhətləşmələr zamanı səsləndirib. Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin ikinci katibi Məmməd Əhmədzadə məsləhətləşmələrin yekununu şərh edərkən Trend ə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, məsləhətləşmələr üç istiqamətdə gedib. İlk istiqamət çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini İtaliya hökumətinin üzvləri ilə görüşüb, o cümlədən xarici işlər nazirinin müavini Famino Kruçianelli ilə görüş keçirilib. Tərəflər siyasi və iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Diplomat bildirib ki, İtaliya XİN-in Çoxtərəfli Siyasət və İnsan haqları məsələləri üzrə Departamentdə keçirilən Azərbaycan nümayəndə heyətinin növbəti görüşü beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə məsələlər blokuna həsr olunub, BMT çərçivəsində əməkdaşlıq məsələlərinə, o cümlədən təşkilatın strukturuna seçkilər zamanı dəstək, Azərbaycanın AB və NATO-ya inteqrasiyası zamanı İtaliyanın göstərə biləcəyi yardım, GUAM ölkələri ərazisində münaqişələrin, o cümlədən Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, beynəlxalq terror, mütəşəkkil cinayətkarlıq, narkotik maddə, silahın yayılması, qanunsuz miqrasiya ilə mübarizə məsələlərində qarşılıqlı fəaliyyət, sivilizasiyalar və dinlər arasında dialoqda Azərbaycanın rolu və s. nəzərdən keçirilib.

Görüşlərdə A.Əzimov Xəzər bölgəsində əsas rol oynayan Azərbaycanın artan potensialına diqqət yetirib və vurğulayıb ki, İtaliya həmçinin, öz növbəsində, Aralıq dənizi bölgəsində mühüm yer tutur və bütövlükdə, iki ölkənin əməkdaşlığı bu bölgələr arasında əməkdaşlığa böyük töhvə verə bilər.

M.Əhmədzadə qeyd edib ki, məsləhətləşmələr zamanı həmçinin boru kəmərlərinin qorunması, Azərbaycanın dövlət sərhədlərinin təhlükəsizliyi, enerji təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub. Bu məqsədlə İtaliyanın müdafiə nazirinin müavini Covanni Lorenzo Forçiyeri və İtaliyanın Müdafiə Nazirliyi yanında karabiner qüvvələri rəhbərliyi ilə danışıqlar aparılıb, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub. A.Əzimov həmçinin Avropa siyasəti və beynəlxalq ticarət üzrə nazir müavini Milos Budinlə görüşüb və bu görüşdə "Yeni qonşuluq siyasəti" çərçivəsində Azərbaycanın AB ilə əməkdaşlıqda İtaliyanın roluna aid məsələlər müzakirə olunub.

A.Əzimovun görüşlərinin ikinci istiqaməti İtaliya parlamentinin üzvləri, xarici əlaqələr, müdafiə, AB siyasəti məsələləri üzrə parlament komissiyalarının sədrləri, eləcə də NATO, Avropa Şurası, Qərbi Avropa ittifaqı parlament assambleyaları yanında İtaliyanın parlament nümayəndə heyətlərinin sədrləri ilə görüşlərdir. Söhbət zamanı A.Əzimov Azərbaycanın xarici siyasətinin prioritetləri, bölgədə tutduğu mövqe, Avropa qurumlarına inteqrasiyaya verilən əhəmiyyət haqqında danışıb. Parlamentarilər energetika planında Azərbaycanın İtaliya üçün əhəmiyyətli olduğunu vurğulayıb, əməkdaşlığın inkişaf etdirilməsinin zəruri olduğunu qeyd ediblər.

A.Əzimovun görüşlərinin üçüncü istiqaməti İtaliyanın Beynəlxalq məsələlər İnstitutunda İnstitutun rəhbər komitəsinin üzvləri və Xəzər və Cənubi Qafqaz bölgəsinin məsələləri üzrə tədqiqatçılar və ekspertlərlə görüşlər olub. A.Əzimov görüş iştirakçılarına Azərbaycanın xarici siyasətinin istiqamətləri haqqında, Azərbaycan-İtaliya münasibətlərinin inkişaf perspektivləri və təhlükəsizlik strategiyası haqqında məlumat verib.

Azərbaycanlı diplomat bildirib ki, görüşlər və aparılmış danışıqlar kifayət qədər uğurlu olub, tərəflər əməkdaşlığın müxtəlif istiqamətləri üzrə ikitərəfli məsləhətləşmələri davam etdirmək niyyətində olduqlarını bildirib, onların əhəmiyyətini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti