...

ADP funksioneri Qurban Məmmədov: "Akif Şahbazov ADP Ali Məclisinin qərarını ləğv edə bilməz"

Siyasət Materials 7 Fevral 2007 19:12 (UTC +04:00)

"Akif Şahbazov ADP Ali Məclisinin qərarını ləğv edə bilməz." Bu sözləri Trend ə açıqlamasında müxalifətyönlü Azərbaycan Demokrat Partiyası (ADP) Siyasi Şurasının üzvü Qurban Məmmədov deyib.

Xatırladaq ki, ADP Ali Məclisi yanvarın 27-də partiyanın siyasi xəttini dəyişmək haqqında qərar qəbul edib. Qərara əsasən partiya indiyə qədər həyata keçirdiyi radikal mövqedən imtina edib.

Q.Məmmədov deyib ki, partiya Ali Məclisinin qərarı Nizamnaməyə yuğun şəkildə qəbul olunub.

"Akif Şahbazov iclasda dedi ki, Ali Məclis partiyanın ali orqanıdır və hər bir partiya üzvü , o cümlədən Rəsul Quliyev qəbul olunan qərara tabe olmağa məhkumdur. İndi isə deyir ki, qərarın qəbul olunmasından xəbərim olmayıb və onu ləğv edəcək. Bu məntiqlə yanaşsaq, Akif Şahbazov Corc Buşu, Vladimir Putini də vəzifəsindən azad edər. Akif Şahbazov belə bir mövqe tutmaqla özünü partiya siyasətindən kənarda qoyub. O partiya Ali Məclisinin qərarının ləğv edə bilməz. ", -deyə Qurban Məmmədov vurğulayıb.

Onun fikrincə, hazırda ADP-də təmizləmə və mövqelərin aydınlaşdırılması prosesi gedir.

"Bu proses rəhbərliyin dəyişməsi ilə nəticələnə bilərmi" - sualına Q.Məmmədov belə cavab verib: "Əgər belə bir hadisə olarsa biz onu alqışlayarıq. ADP sədri vəzifəsində qalmaq və ya getmək Rəsul Quliyevin hüququdur. Biz onu ADP sədri vəziyəsində qalmağa məcbur edə bilmərik."

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. 1991-ci ildə yaradılmış ADP-nin sədri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti