...

ATƏT PA sədri: "Mən bu ilin sonuna qədər Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına çox ümid edirəm"

Siyasət Materials 8 Fevral 2007 12:56 (UTC +04:00)
ATƏT PA sədri: "Mən bu ilin sonuna qədər Dağlıq Qarabağ münaqişəsinin  həll olunacağına çox ümid edirəm"

"Mən bu ilin sonuna qədər Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına çox ümid edirəm." Trend in məlumatına görə, Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri, qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lenmarker jurnalistlərə açıqlamasında belə deyib.

Q.Lenmarker qeyd edib ki, Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh əldə etmək lazımdır.

"Hesab edirəm ki, iki ölkə arasında sülhün əldə olunması Ermənistanda bu ilin may ayında keçiriləcək parlament seçkilərindən sonra reallaşa bilər. Biz onun tərəfdarıyıq ki, Şəhidlər Xiyabanında qəbirlərin sayı bir dənə də olsun artmasın", -deyə ATƏT PA sədri vurğulayıb.

Onun fikrincə, indi iki ölkənin xarici işlər nazirləri Dağlıq Qarabağda insanların birgə yaşama məsələsini həll etməlidirlər.

"Nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan qonşu dövlətlərdir. Düşünürəm ki, hər iki tərəf razılığa gəlməyin vacibliyini başa düşəcək", - deyə Lenmarker bildirib.

Qeyd edək ki, ATƏT PA-nın sədri Azərbaycana səfəri çərçivəsində əvvəlcə Fəxri Xiyabana gəlib və Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarını ziyatət edib.

ATƏT PA-nın sədri daha sonra Şəhidlər Xiyabanını ziyarət edib, "Əbədi məşəl" kompleksinin qarşısına əklil qoyub.

Bundan sonra Q.Lenmarkerlə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti arasında görüş keçirilib. Q.Lenmarker bundan sonra Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb və hazırda bu görüşü davam edir.

Xəbər lenti

Xəbər lenti