...

Rusiyalı həmsədr: Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü çox ehtimal ki, Ermənistandakı seçkilərə qədər baş tutmayacaq

Siyasət Materials 8 Fevral 2007 15:14 (UTC +04:00)
Rusiyalı həmsədr: Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü çox ehtimal ki, Ermənistandakı seçkilərə qədər baş tutmayacaq

Ermənistan və Azərbaycan liderlərinin növbəti görüşü çox ehtimal ki, Ermənistandakı parlament seçkilərinə qədər baş tutmayacaq. Bu barədə eksklüziv olaraq Trend ə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib. Rusiyalı həmsədr bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının inkişafını Ermənistandakı parlament seçkilərindən sonra fəallaşdırmaq olar. "Fikirləşirəm ki, bu cür bəyanatlar prezidentlərin görüşünü Ermənistandakı seçkilərə qədər təşkil etmək mümkün olmayacağı ilə əlaqədardır. Prezidentlərsiz yəqin ki, razılaşmalar əldə oluna bilməz. Görüş çox ehtimal ki, seçkilərə qədər baş tutmayacaq. Bunu nəzərə alın" - Y.Merzlyakov deyib.

Rusiyalı diplomat amerikalı əməkdaşı Metyu Brayzanın Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas elementlərinin razılaşdırılması və yalnız texniki detalların qalması barədə səsləndirdiyi fikri ilə razı olmayıb. "Mən deməzdim ki, onlar texniki məsələlərdir. Onlar yalnız texniki məsələlər deyil", Y. Merzlyakov bildirib. Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bütünlüklə razılaşma üçün 1-2 əhəmiyyətli məsələnin qalması barədə şərhini daha düzgün hesab etmək olar.

Rusiyalı həmsədr ATƏT-in Minsk qrupu vasitəçilərinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin martın əvvəlində görüşünü təşkil etmək arzusunda olduğu barədə məlumat verib. "Biz bu məsələ üzərində çalışırıq. Lakin yekun razılıq hələ əldə olunmayıb. Biz bunun martın əvvəlindən gec olmayaraq baş tutmasını istəyirik", deyə Y. Merzlyakov bildirib. Bununla belə o, hesab edir ki, ATƏT-in Minsk qrupunun üç həmsədrinin növbəti məsləhətləşmələrinin gələn həftə Parisdə keçirilməsi az ehtimal olunandır. Amerikalı həmsədr, həmçinin Xəzər dənizi regionunda neft-qaz məsələləri ilə məşğul olan ABŞ dövlət departamentinin əməkdaşı kimi Parisdə energetika konfransında iştirak edəcək. Y. Merzlyakov Metyu Brayzanın fransalı həmkarı Bernar Fasye ilə görüşmək imkanını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti