...

Əli Əhmədov: "YAP-dan başqa bütün partiyalar öz maliyyə qaynaqlarını gizli saxlayır"

Siyasət Materials 8 Fevral 2007 16:38 (UTC +04:00)

"Təəssüf ki, Yeni Azərbaycan Partiyasından başqa ölkədə fəaliyyət göstərən və yaxud qeydiyyatdan keçsə də siyasi təşkilat kimi fəaliyyət göstərməyən heç bir partiya ictimaiyyətə öz maliyyə qaynaqları barədə məlumat vermir."

Trend in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov belə deyib.

Ə.Əhmədov qeyd edib ki, bu günə qədər də həmin partiyaların hansı maliyyə əsasında fəaliyyət göstərdikləri cəmiyyət üçün qaranlıqdır.

"Yeni Azərbaycan Partiyası təkcə maliyyə qaynaqları barədə deyil, bütövlükdə siyasi partiyalara aid qanunvericilikdə təsbit olunmüş məsələlərlə bağlı ictimaiyyətə hər ilin sonunda geniş və əhatəli hesabat təqdim edir. Bizim digər partiyalara dəfələrldə müraciət edib özlərinin maliyyə mənbələrini açıqlaması barədə məsələ qaldırmağımıza baxmayaraq, həmin partiyalar hansı maliyyə əsasında fəaliyyət göstərdiklərini gizlin saxlamaqda davam edirlər", -deyə YAP rəsmisi əlavə edib.

Onun fikrincə, bunun özü də "Siyasi partiyalar haqqında" qanunun dəyişdirilməsini və partiyaların fəaliyyətini tənzimləyən qanunvericilik bazasının yeniləşməsini ciddi şəkildə tələb edən faktlardan, reallıqlardan biridir.

Ə.Əhmədov deyib ki, sözsüz ki, siyasi partiyaların maliyyə qaynaqları aydın olmadıqda və yaxud burada hansısa qaranlıq məqamlar ortaya çıxdıqda istər-istəməz insanlarda müxtəlif assosiasiyalar meydana gəlir. Bu assosiasiyaların biri siyasi partiyaların Azərbaycandan kənardakı mənbələr, ikincisi isə çirkli pullar hesabına yaşaması və fəaliyyət göstərməsidir: "Bunların hər ikisi ölkəmizin mövcud qanunvericiliyinə və milli maraqlarına ziddir. Bütün bu neqativ məqamları aradan qaldırmaq üçün qanunun təkmilləşdirilməsinə ehtiyac var. Amma mən düşünürəm ki, siyasi partiyaların fəaliyyətini tənzimləmək məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində addımlar atmazdan öncə, bir sıra çox vacib məsələlər ətrafında- o məsələlərdən bəzisini mən burada qeyd etdim- təhlillər apararaq konkret təkliflər irəli sürmək olar."

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti