...

YAP Hacıqabul rayon təşkilatının yeni sədri seçilib

Siyasət Materials 9 Fevral 2007 17:35 (UTC +04:00)

Fevralın 9-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) Hacıqabul rayon təşkilatının II konfransı keçirilib. YAP mətbuat xidmətindən Trend ə verilən məlumata görə, konfransda hesabat məruzəsi ilə çıxış edən YAP-ın Hacıqabul rayon təşkilatının sədri Sahib Aslanovun verdiyi məlumata görə təşkilat ötən dövr ərzində işini partiya sədrinin III Qurultaydakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətinə yönəldib və bu sahədə kifayət qədər uğurlar qazanıb.

Hesabat məruzəsində təşkilatın ötən dövr ərzində qazandığı uğurlarla yanaşı işdə yol verilmiş nöqsanlara da toxunulub, təşkilatın üzləşdiyi problemlər barəsində konfrans nümayəndələrinə məlumat verilib.

Sonra gündəliyə uyğun olaraq təşkilatın nəzarət təftiş komisiyasının hesabatı dinlənilib.

Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov partiyanın ölkəmizin aparıcı qüvvəsinə və partiyasına çevrilməsində onun banisi Heydər Əliyevin çox böyük xidmətləri olduğunu vurğulayıb.

Konfransda həmçinin təşkilati məsələlərə baxılıb. Bəşirov Hafiz Dəmir oğlu yekdilliklə YAP Hacıqabul rayon təşkilatının sədri seçilib.

Konfransda təşkilatın 35 nəfərdən ibarət şurası, 15 nəfər tərkibdə idarə heyəti və 5 nəfərdən ibarət nəzarət təftiş qrupu seçilib.

Konfransın sonunda Azərbaycan Respublikasının prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul edilib.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti