...

N.Məhərrəmli: "ANS-in yayımlandığı tezliyə elan olunan bu dəfəki müsabiqədə başqa iştirakçılar olacaq"

Siyasət Materials 10 Fevral 2007 12:34 (UTC +04:00)
N.Məhərrəmli: "ANS-in yayımlandığı tezliyə elan olunan bu dəfəki müsabiqədə başqa iştirakçılar olacaq"

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin Trend Agentliyinə müsahibəsi

- ANS-in tezliyinə elan edilmiş müsabiqənin nəticələri ləğv olunarkən alternativ fikirlər, fərqli mövqelər oldumu?

- Əvvəla, qeyd edim ki, ANS- in tezliyinə keçirilmiş müsabiqənin yekunu, nəhayət ki, həllini tapdı və Şura üzvləri hisslərə, emosiyalara deyil, qanuna əsaslanaraq qərar qəbul etdilər. "Dövlət satınalmaları haqqında" Qanunun 11-ci maddəsində və Milli Teleradio Şurası haqqında Əsasnamənin 8.3-cü bəndində göstərilib ki, tezliyə elan olunan müsabiqədə ən azı 3 iddiaçı iştirak etməlidir. Həmçinin 3 nəfərdən az iştirakçı varsa, müsabiqə baş tutmamış sayılmalı və yenidən müsabiqə elan olunmalıdır. Biz də qanunun tələblərini əsas götürərək qərarımızı verdik. Bu qərarın qəbulu zamanı heç bir fikir ayrılığı olmadı və yekdilliklə qəbul edildi. Yəni, 7 nəfər Şura üzvünün hamısı qərarın lehinə səs verdi.
ANS-in yayımlandığı tezliyə fevralın 20-dən martın 20-dək müsabiqə keçiriləcək, aprelin 20-dək isə onun nəticələrinə baxılacaq. Amma ola bilər ki, istirahət və bayram günlərinin sayı qədər müsabiqənin müddəti artırılsın. Məsələn, müsabiqə aprelin 26-dək davam edə bilər.
Onu da deyim ki, yeni müsabiqənin keçirildiyi müddət ərzində ANS televiziyası və radiosunun yayımı davam etdiriləcək.

- Bu dəfəki iclasa nə üçün ANS-in rəhbərliyi dəvət olunmamışdı?

- Çünki bu dəfə buna ehtiyac görmədik. Ötən hazırlıq iclasında ANS-in təsisçiləri bizim iclasda iştirak etdilər və bütün fikirlərimizi onların diqqətinə çatdırdıq. Hamı eyni fikri dəstəklədi ki, məsələnin həlli zamanı qanun əsas götürülməlidir. Əlbəttə, Teleradio Şurasının bu qərarı ANS-i qane etməyəcək. Onlar istəyirdilər ki, bu məsələ daha tez həllini tapsın. Buna görə də bizə müraciət etmişdilər ki, müsabiqənin şərtlərinə yenidən baxaq. Biz də müvafiq qanunlara, öz Əsasnaməmizə yenidən baxdıq və gördük ki, ANS-in xeyrinə qərar çıxarmaq üçün heç bir ip ucu yoxdur.
Bundan başqa müsabiqə gedən müddətdə ANS-in özünün yayımlanması müsabiqədə qeyri-bərabərlik yaratmışdı. Çünki müsabiqədə iştirak edənlərin hamısının hüquqları eyni omalıdır. Amma ANS isə fəaliyyət göstərə-göstərə müsabiqədə iştirak edib və bu səbəbdən müsabiqədə başqa iştirakçılar olmadı.

- Bu dəfə də müsabiqədə alternativ iştirakçılar olmasa, Teleradio Şurası hansı qərarı çıxaracaq?

- Mən hesab etmirəm ki, bu dəfə də eyni vəziyyət yaranacaq. Ola bilər ki, situasiya təkrarlansın. Amma biz vəziyyətin bu cür davam etməsinə imkan verməyəcəyik. Birinci dəfə, ikinci dəfə belə ola bilər, üçüncü dəfə də təkrarlana bilməz ki.

- "İmkan verməyəcəyik" deyəndə nəyi nəzərdə tutursunuz, Teleradio Şurası müsabiqə iştirakçılarının sayını artırmaq üçün hansısa tədbirlər görə bilər?

- Teleradio Şurası bu sahədə dövlət siyasətini həyata keçirən bir qurumdur. Yəni, qanunvericiliyə dəyişikliklə bağlı təşəbbüslə çıxış edəcəyik. Həm də belə hadisələrin çox ciddi məsələ olduğunu nəzərə alaraq Teleradio Şurası qərar vermək məsuliyyətini öz üzərinə götürə bilər.
Biz ötən ilin sonunda ANS-in yayımını bərpa edərkən prezidentin, ökə ictimaiyyətinin, ziyalıların, millət vəkillərinin müraciətlərini nəzərə aldıq. Amma müsabiqədə iştirak etmək istəyində olan başqa iddiaçılar bildirirdilər ki, ANS fəailyyət göstərir və müsabiqədə iştirak edir, onda biz nə üçün müsabiqəyə qatılaq? Bu fakt bizim üçün də normal şərait yaratmırdı. Amma buna baxmayaraq, hesab edirəm ki, bu dəfə müsabiqədə başqa iştirakçılar olacaq.

- Deməli, ANS-in taleyi yenə də müsabiqənin yekunundan asılı olacaq?

- Bəli, biz müsabiqənin yekunalarına baxacağıq və hansı iştirakçı şərtlərə daha çox cavab verərsə, tezliyi də o qazanacaq. Əgər müsabiqədə başqa iştirakçı qalib gəlsə, ANS-in yayımı dayandırılacaq. Yox, əgər maddi-texniki bazası, kadr tərkibi, proqram konsepsiyası ilə ANS özü üstünlük qazansa, tezlik ona veriləcək.

- ANS-in yayımının bərpa edilməsindən bəri telekanalın fəaliyyətində qanun pozuntuları qeydə alınıbmı?

- Təbii ki, nöqsanlar var. Amma ANS-in hal-hazırda hüquqi statusu tam müəyyən olunmadığı üçün Teleradio Şurası bu barədə müzakirələr aparıb qərar çıxarmır. Teleşirkətə xəbərdarlıq edilməsi, yaxud cərimə tətbiq olunması kimi məsələyə ANS-in hüquqi statusu müəyyənləşdikdən sonra baxılacaq. Bunu sadəcə təsisçilərin diqqətinə çatdırdıq və bizimlə razılaşdılar.

- ANS-in yayımlandığı tezliyin yenə də müsabiqəyə çıxarılması barədə qərarınıza görə cəmiyyətdə Teleradio Şurasına qarşı ittihamlar yağdırılacaq. Buna hazırsınızmı?

- Təbii ki hazırıq. Bilirik ki, cəmiyyətdə belə məsələlər birmənalı qarşılanmır. İnsanlar bizim qərarımıza ya "hə", ya da "yox" deyəcəklər. İnsanların hamısı eyni cür düşünmür. Amma biz fəaliyyətimizi şəxsi fikirlər deyil, qanun üzərində qururuq. Əgər biz özümüz qanunu pozarıqsa, onda başqalarından bunu necə tələb edə bilərik? Qanunun tələblərinin ziddinə olaraq bu müsabiqədə 3 iştirakçı yoxdur, indi biz necə bir qərar çıxarmalıyıq?

- Sizin ünvanınıza belə iradlar da səslənirdi ki, Teleradio Şurası müsabiqədə 3 iştirakçı olması barədə şərti əvvəldən elan etməli idi.

- Biz şərtləri yox, müsabiqəni elan etməliyik. Amma buna baxmayaraq, mən yanvar ayında bu barədə fikrimi bildirdim ki, "Dövlət satınalmaları haqqında" qanuna görə müsabiqədə 3 iştirakçı olmalıdır. Bu müsabiqədə də yalnız bir iştirakçının olması narahatlıq yaradır. Yanvar ayında artıq belə ehtimallar açıqlandı və sonda özünü doğrultdu. Amma əgər biz indiki qərarı çıxarmasaydıq, gələcəkdə özümüz ittiham obyektinə çevrilə bilərdik ki, Teleradio Şurası qanunun tələblərini bilərəkdən pozur.

- Daha hansı telekanalın lisenziya müddəti bitib?

- Yalnız "Aygün TV" və "Lənkəran TV" qalıb, bu yaxınlarda onların da lisenziya məsələsinə baxacağıq. Çox güman ki, yaxın 1-2 ay ərzində müvafiq qərarlarımız veriləcək.

- Bu kanalların da lisenziya məsələsi həll olunduqdan sonra Azərbaycanda teleradio yayımı üçün yeni lisenziya haqqı tətbiq ediləcəkmi?

- Bəli. Bildiyiniz kimi lisenziya haqqı artıq qaldırılıb. "Dövlət rüsumu haqqında" qanun qəbul olundu və orada göstərildi ki, teleradio yayımı üçün 11 min manat ödənilməlidir. Təbii biz bunu düzgün hesab etmirik. Çünki teleradio yayımı bir sahədən ibarət deyil. Televiziya, radio, kabel, peyk yayımları başqa-başqa sahələrdir. Hər birinin ayrıca qiyməti olmalıdır. Buna görə də Teleradio Şurası təkliflər hazırlayaraq Prezident Aparatına təqdim edib. Prezident Aparatı da bunun üzərində işləyir. Çox güman ki, yaxın zamanda müvafiq cavab veriləcək.
Biz dünya təcrübəsinə əsaslanaraq qiymətlər təklif etmişik. Öz qonşu ölkələrimizdən nümunə götürmüşük. "Dövlət rüsumu haqqında" qanunda ən yüksək rüsum 22 min manat göstərilib. Biz də hesab edirik ki, bütün respublika ərazisinə yayımlanan kanallar 22 min manat, radiolar isə 5 min manat, Bakı ərazisində yayımlanan televiziya və radiolar bunun 70 faizi həcmində, yalnız ayrı-ayrı bölgələrdə yayımlananlar isə daha az həcmdə - 5-7 min manat ödəməlidirlər. Bu məbləğlər 6 il müddəti üçün ödənilir.

- Avropa Şurasının Bakıdakı nümyəndəsi Denis Briborsia bildirib ki, bu beynəlxalq qurum "Teleradio yayımı haqqında" qanuna dəyişiklikləri birgə müzakirə edə və təkliflərini verə bilər.

- Bizə hələ ki, heç bir təklif gəlməyib. Sadəcə olaraq, Avropa Şurası nümayəndələri ilə görüşdə bildirmişdim ki, Teleradio Şurası qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlayıb və Prezident Aparatına təqdim edib. Biz qanundakı qeyri-müəyyənliklərin aradan qalxmasına çalışırıq. Məsələn, müsabiqə elan olunarkən fəaliyyətdə olan telekanalın bu müsabiqədə iştirak edib-etməməsi məsələsi həllini tapmalıdır. Və yaxud xarici telekanalların bu müsabiqədə hansı formada iştirakı dəqiq şəkildə əksini tapmalıdır. Biz hər hansı standartları qəbul ediriksə, bu, qanunu sərtləşdirmək deyil. Bizim özümüzdən də çox şey tələb edilir. Bu tələbləri yerinə yetirmək üçün səlahiyyətlərimiz olmalıdır. Parlamentin yaz sessiyasında yəqin ki, bu məsələlər müzakirəyə çıxarılacaq.

- Briborsia həmçinin deyib ki, qanuna dəyişikliklərə bağlı Avropa Şurası öz ekspertlərini göndərməyə hazırdır.

- Çox təəssüf ki, Avropa Şurası belə məsələlərə birtərəfli yanaşır. Qanunvericilik məsələlərində beynəlxalq ekspertlər daha çox müxalifətçi mövqelərə üstünlük verirlər. Bu, yanlış mövqedir, çünki hadisələrə reallıqlardan yanaşmaq lazımdır. Onlar isə hesab edirlər ki, müxalifətçi ekspertlərin söylədiyi fikirlər Quran ayəsidir və onlara mütləq əməl olunmalıdır. Məhz buna görə dünyada qəbul olunmuş maddələrdən biri indiyədək də bizim Teleraio Yayımı haqqında əksini tapmayıb. Məsələn, xarici ölkələrdə analoji dövlət qurumlarının çox ciddi qanun pozuntusuna yol verən telekanalı dərhal bağlamaq imkanı var. Bizə isə bu imkan verilməyib. Dövlət çevrilişinə, terrorizmə, milli, dini ayrı-seçkiliyə hər hansı ciddi çağırış olarsa, bu, cəmiyyətdə öz təsiri göstərə bilər. Bizdə həmin kanalın dayandırılması bir ay çəkəcək. Amma belə qanunsuz çağırışların nəticəsi dərhal öz təsirini göstərə bilər. O zaman heç olmasa bizə belə bir hüquq verilməli idi ki, belə pozuntulara yol verən kanalın yayımını 7 gün müddətində dayandıraq və məhkəməyə müraciət edək ki, kanalı tamamilə bağlasın. Və yaxud telekanallar tez-tez alqı-satqı obyekti olurlar və bu zaman təsisçilər dəyişir. Yeni təsisçinin isə qanunun tələblərinə cavab verən şəxs olub-olmadığı bizim üçün naməlum qalır. Çünki təsisçilər Azərbaycan vətəndaşı olmalı, siyasi fəaliyyətlə məşğul olmamalı, ağır cinayətlərdə ittiham edilməməli, iş qabiliyyətsiziyi ilə bağlı barəsində məhkəmə hökmü olmamalıdır. Amma alqı-satqıda iştirak edənlərin bu kateqoriyalarını müəyyənləşdirmədən onlar artıq kanalın sahibinə çevrilirlər. Ona görə də təklif etmişik ki, alqı-satqı, yeni təsisçi barəsində bir ay əvvəldən Teleradio Şurasına lazımi məlumatlar verilsin.

Xəbər lenti

Xəbər lenti