...

Nazir müavini: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşü geriyə addım olub

Siyasət Materials 12 Fevral 2007 17:56 (UTC +04:00)
Nazir müavini: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşü geriyə addım olub

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşü geriyə addım olub. Trend in məlumatına əsasən, bu barədə xarici işlər nazirinin müavini, Dağlıq Qarabağ münaqişəsi üzrə prezidentin xüsusi nümayəndəsi Araz Əzimov BBC-yə müsahibəsində bəyan edib.

O qeyd edib ki, Ermənistan xarici işlər naziri Vardan Oskanyanın sərt mövqeyinə görə danışıqların gələcək gedişini pronozlaşdıra bilmir. "2 ildir ki, apardığımız danışıqlara zidd olaraq, V.Oskanyan bəzi məsələlərdə bizi geriyə qaytaran mövqe ifadə edib. Bu bəyanatlar biz tərəfdən qəbul edilməyib. Onlar arasında azərbaycanlıların Dağlıq Qarabağa qaytarılması və Laçından keçən yolun istifadə olunması məsələləri var. Mən Ermənistan tərəfinə demək istərdim ki, əgər danışıqlar son 2 ildə olduğu məcrada davam etdirilməsə, yəqin ki, bu prosesdən hansısa nəticənin gözlənilməsi düzgün olmayacaq. Əgər ermənilər Dağlıq Qarabağ statusunun müəyyən edilməsi məsələsində nəticəyə nail olmaq istəyirlərsə, anlamalıdırlar ki, əhalinin əksər hissəsinin bu regionda olmaması statusun müəyyən edilməsini qeyri-mümkün edir", - deyə A. Əzimov qeyd edib.

Nazir müavini deyib ki, əvvəllər regionda iki icma yaşayıb. Azərbaycan icmasının bu ərazilərdən qovulmasından sonra Dağlıq Qarabağın gələcək taleyini müəyyən etmək mümkün deyil.

Laçın məsələsi ilə bağlı məsələyə Ermənistanın mövqeyinə gəlincə, o bildirib ki, onlar bu yolun azərbaycanlılarla birgə istifadə etməyi qəti olaraq istəmirlər.

A.Əzimov bildirib ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıq görür.

Xəbər lenti

Xəbər lenti