...

Sərdar Cəlaloğlu "Azadlıq" bloku Sədrlər Şurasının iclasına qatılmayacaq, Akif Şahbazov isə toplantıda iştirak edəcək

Siyasət Materials 13 Fevral 2007 12:14 (UTC +04:00)

"Mən "Azadlıq" bloku Sədrlər Şurasının bu gün keçiriləcək iclasında iştirak etməyəcəm." Bu sözləri Trend ə açıqlamasında müxalifətyönlü "Azadlıq" blokunun həmtəsisçilərindən biri olan Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin keçmiş birinci müavini, partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu deyib.

Xatırladaq ki, "Azadlıq"ın təsisçilərindən biri olan ADP-ni blokun Sədrlər Şurasının iclaslarında indiyə qədər partiya sədrinin birinci müavini Sərdar Cəlaloğlu təmsil edib. ADP sədri Rəsul Quliyev fevralın 10-da imzaladığı sərəncamla Sərdar Cəlaloğlunu müavin vəzifəsindən azad edib və Ali Məclisin sədri Akif Şahbazovu ADP-nin "Azadlıq" blokundakı nümayəndəsi təyin edib. Lakin ADP rəhbərliyi və Sərdar Cəlaloğlu bu qərarı tanımır.

S.Cəlaloğlu deyib ki, Sədrlər Şurasının bu gün keçiriləcək iclasında ADP-də yaranmış vəziyyət müzakirə olunacaq.

"İstəyirəm ki, "Azadlıq" bloku Sədrlər Şurasının üzvləri ADP-dəki vəziyyəti mənim iştirakım olmadan müzakirə etsinlər və qərar versinlər. Mən ADP-nin son qərarlarını və Nizamnaməsini onlara vermişəm. Sədrlər Şurası nə qərar qəbul etsə mən ona hörmətlə yanaşacam", -deyə Sərdar Cəlaloğlu əlavə edib.

O bildirib ki, ADP sədri Rəsul Quliyev bu statusunu saxlamış olsa belə Nizamnaməyə görə onun Ali Məclisin sədrinə hər hansı səlahiyyət vermək hüququ yoxdur. R.Quliyev öz səlahiyyətlərini yalnız öz müavinlərindən birinə verə bilər: "Digər tərəfdən isə Akif Şahbazov ADP-dən qovulduğuna görə onun heç bir səlahiyyəti yoxdur."

ADP Ali Məclisinin sədri Akif Şahbazov isə deyib ki, partiya rəhbəri ona səlahiyyət verib. Ona görə də "Azadlıq" bloku Sədrlər Şurasının iclasında iştirak edəcək. Lakin bu barədə blokun Sədrlər Şurasının üzhvlərinə məlumat verməyib.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti