...

"Klassik Xalq Cəbhəsi Partiyası prezident seçkisində öz namizədi ilə iştirak edəcək" - partiyanın sədri M.Mirəlioğlu

Siyasət Materials 13 Fevral 2007 14:45 (UTC +04:00)

Klassik Xalq Cəbhəsi Partiyası qarşıdakı bütün seçkilərdə, o cümlədən də 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bu barədə Trend ə partiyanın sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

Prezident seçkiləri ilə bağlı partiyada ümumi müzakirələr aparıldığını deyən M.Mirəlioğlu əlavə edib ki, hər bir siyasi qüvvənin belə bəyanatları rəsmi qərar deyil, yalınz niyyət kimi qəbul olunmalıdır: "Çünki seçkilərə rəsmən start verilməyənə qədər hər hansı şəxsin prezidentliyə namizəd olacağı barədə bəyanatları, yaxud qərar verməsi yalnız təbliğat xarakteri daşıyan kampaniyadır. Seçkilər rəsmən elan olunmamış və start götürməmiş indidən namizədliyini bəyan edənlərin bu fikirlərinin hüquqi statusu yoxdur"-deyə M.Mirəlioğlu vurğulayıb.

Özünün də prezident seçkisində iştirak etmək niyyətində olduğunu deyən M.Mirəlioğlu əlavə edib ki, müxalifət düşərgəsindən bir neçə namizədin olması məsələsi vaxtı çatanda müzakirəyə çıxarılacaq: "Mənim fikrimcə, bu məsələ müsbət həllini tapacaq və müxalifət qüvvələri ortaq məxrəcə gələcəklər. Ola bilər müxalifət düşərgəsi vahid namizədini müəyyənləşdirsin, yaxud biri digərinə güzəştə getsin və ya koalisiyalar yaransın".

Xəbər lenti

Xəbər lenti