...

Sərdar Cəlaloğlu: "Azadlıq" blokunun həmsədrləri ADP-dəki vəziyyətlə bağlı fikirlərini Akif Şahbazov vasitəsilə Rəsul Quliyevə çatdıracaqlar"

Siyasət Materials 13 Fevral 2007 19:22 (UTC +04:00)

"Azadlıq" blokunun həmsədrləri ADP daxilində yaranmış qalmaqallarla bağlı öz fikir və təkliflərini Ali Məclis sədri Akif Şahbazov vasitəsilə partiyanın lideri Rəsul Quliyevə çatdıracaqlar. Bu barədə Trend ə ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib.

Onun sözlərinə görə, "Azadlıq" blokunun rəhbərləri bugünkü iclasda ADP-nin Nizamnaməsinə və legitim orqanlarına hörmətlə yanaşdıqlarını bildiriblər. Blok ADP-nin monolitliyinin və partiyadaxili konflitklərin həllini tapmasının tərəfdarıdır. S.Cəlaloğlunun sözlərinə görə, ADP-ni blokda legitim orqanların səlahiyyət verdiyi şəxs təmsil edəcək və bu da hələ ki, özüdür.

S.Cəlaloğlu həmçinin deyib ki, ADP sədri Rəsul Quliyevin onu vəzifəsindən azad etməsi barədə sərəncamı heç kəsdə yoxdur, ona görə də "Azadlıq" blokunun həmsədrləri sərəncamın orijinalı ilə tanış olmayıblar: "Bu sərəncam Aydın Quliyev tərəfindən hazırlanıb və yayılıb. Nə ADP-də, nə Akif Şahbazovun özündə sərəncam olmadığına görə blokun həmsədrləri buna qiymət verə bilmədilər. Yalnız qəzetdə çap olunmuş variantla tanış oldular. Rəsul Quliyev ADP-nin Nizamnaməsinə hörmətlə yanaşan şəxsdir, sadəcə oaraq, sərəncamı hazırlayan şəxslər öz kinini, qərəzini və yersiz iddialarını bura əlavə ediblər. Ümumiyyətlə, dəqiq bilinmir ki, Rəsul Quliyevin bu sərəncamdan xəbəri var, ya yox".

S.Cəlaloğlu onu da əlavə kedib ki, ADP daxilində yaranmış konflikt gələn həftənin əvvəlinə qədər həllini tapacaq.

Xəbər lenti

Xəbər lenti