...

YAP-ın icra katibi: "Müxalifət partiyaları ADP-nin konstruktiv mövqeyini tənqid etmək əvəzinə, özlərinin tutduğu yolun ziyanlı olduğunu dərk etməlidirlər"

Siyasət Materials 14 Fevral 2007 16:56 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) müxalifətçi Azərbaycan Demokrat Partiyasının (ADP) hakimiyyətə qarşı konstruktiv mövqe tutmaq barədə qərarını müsbət qarşılayır. Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında YAP-ın icra katibi və sədr müavini Əli Əhmədov bildirib.

O qeyd edib ki, siyasi konstruktivliklə bağlı YAP-ın səsləndirdiyi təkliflər uzun müddət cavabsız qalıb, nəhayət, bu yaxınlarda ADP radikallıqdan imtina edərək konstruktiv müxalifətçilik mövqeyində dayanmağa qərar verib: "Biz müxalifət partiyalarının belə mövqeyə gəlməsini müsbət qiymətləndiririk. Lakin təəssüf ki, əksər müxalifət partiyaları hələ də radikallıqdan əl çəkmək istəmir və ADP-nin konstruktiv mövqeyini süngü ilə qarşılayırlar. Bununla müxalifətin hələ də dəyişməyə hazır olmadığını təsdiqləyirlər. İstərdim ki, müxalifət partiyaları ADP-nin konstruktivizm mövqeyini tənqid etmək əvəzinə, özlərinin indiyə qədər tutduğu yolun ziyanlı və səmərəsiz olduğunu dərk etsinlər"-deyə Ə.Əhmədov vurğulayıb.

O, bəzi narazı ADP-çilərin bu partiyanın konstruktivlik mövqeyini hakim partiya tərəfindən aldadılma kimi qiymətləndirməsinə münasibətini bildirərkən qeyd edib ki, ADP funkisonerlərini aldanacaq qədər sadəlövh hesab etmir: "Eyni partiyada təmsil olunmuş insanların biri digərini sadəlövh hesab edirsə, bu, onların öz işləridir. Təəssüf edirəm ki, ADP-də parçalanmaya meyllər başlayıb və bu da həmin partiyada heç də hamının sağlam mövqeyə keçməyə hazır olmadığını göstərir. Amma bunun müsbət məqamı odur ki, nəhayət müxalifət düşərgəsində sağlam mövqelər ortaya çıxır"-deyə YAP funksioneri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti