...

Milli Məclisin sədri Malayziya nümayəndə heyətini qəbul edib

Siyasət Materials 15 Fevral 2007 20:00 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Malayziyanın Baş Nazir Kabinetinin naziri Dato Seri Mohamed Nazri Abdul Azizin başçılıq etdiyi nümayəndə heyəti fevralın 15-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşüblər.

Bu barədə Trend xəbər verir.

O.Əsədov müstəqil Azərbaycanın dünya dövlətləri, o cümlədən Malayziya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Milli Məclisin sədri qeyd edib ki, müstəqil Azərbaycanın parlamenti dünya dövlətlərinin parlament təcrübəsinin öyrənilməsinə və ali qanunvericilik orqanları səviyyəsində əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu məqsədlə Milli Məclisdə dünyanın 60-dan çox ölkəsi ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Azərbaycan parlamentində Malayziya ilə əməkdaşlıq üzrə də deputat qrupu fəaliyyət göstərir: "Biz Malayziya ilə həyatın müxtəlif sahələrində, o cümlədən parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıyıq."

Qonaq Azərbaycanda gördüklərindən məmnun qaldığını qeyd edib. O, öz ölkəsində parlament işlərinə cavabdeh olan məsul bir şəxs kimi dünyanın müxtəlif ölkələrinin ali qanunvericilik orqanları ilə əlaqələrin inkişafı üçün səylər göstərdiyini vurğulayıb. Bildirib ki, Malayziya Qafqazın bu bölgəsi ilə əməkdaşlığın inkişafını önəmli hesab edir və bu sahədə böyük potensial imkanlar vardır.

Görüşdə Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fuad Muradov və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti