...

YAP icra katibinin müavini: "ADP-nin dialoqla bağlı müraciəti YAP-a daxil olmayıb"

Siyasət Materials 16 Fevral 2007 17:33 (UTC +04:00)

YAP ADP-nin dialoq təklifinə baxmağa hazırdır, Amma hələlik dialoqla bağlı onlara rəsmi müraciət daxil olmayıb. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

"Müraciət daxil olanda biz onu müzakirə edə bilərik", -deyə YAP rəsmisi əlavə edib.

Bununla belə, S.Novruzov dialoq üçün müraciəti ADP sədri Rəsul Quliyevin edəcəyi təqdirdə danışıqların aparılmayacağını vurğulayıb. O, R.Quliyevin və Zəminə Dünyamalıyevanın YAP-dan qovulduqlarını, YAP-a xəyanət etdiklərini bildirib və əlavə edib ki, YAP xəyanətkarlarla dialoq aparmır.

S.Novruzovun sözlərinə görə, dialoq müraciətini ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu etsə, onunla danışıqlar aparmaq olar.

O, ADP sədrinin müavini Yaqub Abbasovla görüşməsi haqqında yayılan məlumatları da təkzib edib: "Yaqub Abbasov mənə zəng edərək görüşmək istədiyini bildirdi. Ona dedim ki, mən partiyada təşkilatı işlərlə məşğul oluram. Partiyalararası məsələlərlə Mübariz Qurbanlı məşğul olur. Ona görə də Mübariz Qurbanlı ilə danış. Mən Yaqub Abbasovla görüşməmişəm ."

S.Novruzov deyib ki, YAP ADP-nin dialoq təşəbbüsünü müsbət qiymətləndirir və digər partiyaları da bundan nümunə götürməyə çağırır. Millət vəkili dialoqun baş tutması üçün ADP-nin "Azadlıq" blokunu tərk etməsi ilə bağlı şərt irəli sürmədiklərini vurğulayıb.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildi hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti