...

ATƏT PA-nın Siyasi və Təhlükəsizlik Komitəsində milli azlıqların vəziyyəti müzakirə olunacaq

Siyasət Materials 17 Fevral 2007 14:16 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının Siyasi və Təhlükəsizlik Komitəsinin fevralın 22-də Vyanada keçiriləcək iclasında milli azlıqların vəziyyəti və onların təhlükəsizliyinin təmin olunması məsələsi müzakirə olunacaq. Bu barədə Trend ə açıqlamasında Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin katibi İlqar Fərzəliyev məlumat verib. İ.Fərzəliyev qeyd edib ki, bu məsələ ilə bağlı ATƏT PA-nın ali komissarı, səfir Rolf Ekeus çıxış edəcək.

Bundan başqa adıçəkilən komitənin iclasında Kosovodakı vəziyyət müzakirə olunacaq. Bununla bağlı ATƏT-in Kosovo üzrə missiyasının başçısı, Verner Vnendt məruzə ilə çıxış edəcək.

İ.Fərzəliyevin sözlərinə görə Azərbaycan nümayəndə heyəti bu müzakirələrdə fəal iştirak edəcəklər: "Əgər Ermənistan təmsilçiləri tərəfindən Kosovo ilə bağlı çıxışlar olarsa və bu məsələ Dağlıq Qarabağ münaqişəsi ilə eyniləşdirilərsə bizim tutarlı cavablarımız olacaq. Xarici İşlər Nazirliyi ilə birgə hazırladığımız cavablar var. Ermənilərin iddialarına cavab vermək problem olmayacaq."

O vurğulayıb ki, komitədəki müzakirələrdə ölkəmizi Milli Məclis sədrinin müavini, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti