...

YAP icra katibi Əli Əhmədov: "Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ölkədə siyasi sabitliyi poza bilər"

Siyasət Materials 19 Fevral 2007 11:41 (UTC +04:00)
YAP icra katibi Əli Əhmədov: "Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ölkədə siyasi sabitliyi poza bilər"

Yeni Azərbayaycan Partiyasının sədr müavini - icra katibi, millət vəkili Əli Əhmədovun Trend agentliyinə eksklüziv müsahibəsi

- YAP qarşıdan gələn prezident seçkilərinə necə hazırlaşır? Qarşıdakı seçkilərdə indiyə qədər istifadə etdiyiniz texnologiyalardan fərqli hansı texnologiyalardan istifadə etməyi planlaşdırırsız?

- Demokratik cəmiyyətdə partiyanın həyata keçirdiyi ən əsas vəzifə seçki kampaniyalarını təşkil etmək və həyata keçirməkdir. YAP olaraq biz həmişə bu prinsipdən çıxış etmişik. Bu gün də həmin prinsipə ciddi şəkildə əməl edirik. Bir müddət əvvəl ölkəmizdə parlament və təkrar parlament seçkiləri keçirildi. YAP həm parlament, həm də təkrar parlament seçkilərini uğurla başa vurdu. İndi qarşıdan 2008-ci ilin prezident seçkiləri durur. Biz həm də belə bir həqiqəti aydın şəkildə dərk etmişik ki, partiya seçki kampaniyasına nə qədər ciddi və uzun müddətdə hazırlaşırsa, seçkilər zamanı partiyanın əldə etdiyi uğurlar da bir o qədər böyük olur. Baxmayaraq ki, növbəti prezident seçkilərinə təxminən iki ilə yaxın vaxt var. Amma biz hesab edirik ki, indidən hazırlaşmaq lazımdır.

Hesab edirik ki, ilkin addım seçki kampaniyasının ümumi strategiyasını müəyyənləşdirməkdən ibarət olmalıdır. Bura nələr daxildir? 2008-ci ilin seçki mühüti YAP üçün necə olacaq? Bu məsələ təhlil olunmalıdır. Hesab edirəm ki, bu cəhətdən YAP-ı 2008-ci ilin prezident seçkilərində hər hansı bir sürpriz gözləmir. Azərbaycanın sürətli inkişafı, ölkəmizin bölgənin lider dövlətinə çevrilməsi, Azərbaycanın dünyaya inteqrasiya prosesinə geniş miqyasda qoşulması və bu prosesdə uğurla iştirak etməsi, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, beynəlxalq əhəmiyyətinin artması, insanların rifahının yaxşılışdırılması istiqamətində hökumətin həyata keçirdiyi çox mühüm tədbirlər, çox böyük regional iqtisadi layihələrin Azərbaycanın bilavasitə iştirakı ilə gerçəkliyə çevrilməsi reallığının böyük əksəriyyət tərəfindən dərk edilməsi və başqa çox sayda pozitiv meyillər, proseslər 2008-ci ilin seçki mühütinin YAP üçün kifayət qədər müsbət və uğurlu olacağını indidən şərtləndirmiş olur.

İkincisi, seçki kampaniyasının uğurlu keçməsini təmin edən ən həlledici amillərdən biri uğurlu, şanslı namizədin müəyyənləşdirilməsidir. Bu mənada qarşıdakı seçki kamnpaniyası ilə əlaqədar YAP-ın hər hansı bir çətinliklə üzləşəcəyini deməyə heç bir əsas yoxdur. Çünki Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 2008-ci ilin prezident seçkilərində nəinki YAP tərəfindən, Azərbaycan xalqının, seçicilərinin böyük səksəriyyəti tərəfindən irəli sürüləcək namizəd kimi indinin özündə birmənalı şəkildə qəbul edilir. Bu da 2008-ci ilin prezident seçkilərində YAP-nın fəaliyyətinin uğurlu olacağını indidən təsdiqləyən çox əhəmiyyətil şərtlərdən biridir.

YAP sədri, Azərbaycan prezidenti İlham Əliyevin 2008-ci ilin prezident seçkiləri kampaniyasında namizəd olaraq iştirakı zamanı qazanacağı uğurları şərtləndirən amilləri, hesab edirəm ki, sadalamağa ehtiyac yoxdur. Qeyd etdiyim uğurlar, müsbət meyillər İlham Əliyevin Heydər Əliyev yolunu uğurla davam etirməsi nəticəsində gercəkliyə çevrilib. Bütün bunların hamısının reallığa çevrilməsində İlham Əliyevin bilavasitə xidmətləri olduğu insanlar tərəfindən birmənalı şəkildə etiraf edilir. Beləliklə də, İlham Əliyev 2008-ci ilin prezident seçkilərində yeganə namizəd kimi əksəriyyət tərəfindən qəbul olunur. Uğurlu namizəd nöqteyi-nəzərdən də YAP-ın 2008-ci ilin seçki kampaniyasını uğurla həyata keçirəcəyinə heç bir şübhə yeri qalmır.

Üçüncüsü, çox vacib məqamlardan biri seçki kampaniyası üçün vacib olan resursların mövcudluğu və onlardan səmərəli şəkildə istifadə edilməsi məsələsidir. YAP-ın kifayət qədər geniş seçki resursları mövcuddur. Partiyamızın 400 mindən artıq üzvü var. Bunlar bir tərəfdən seçicidirlər. Eyni zamanda bunlar sadəcə olaraq seçici deyil, həm də özləri ilə seçki məntəqələrinə bir neçə seçici gətirə biləcək insanlardır. Onların seçki məntəqələrinə gətirəcəkləri seçicilər ailə üzvləri, dostları ola bilər. Beləliklə də, YAP-ın fəal üzvləri olan 400 min seçicinin seçki məntəqələrinə bir xeyli sayda seçici gətirmək imkanları var. YAP-ın insani baxımdan böyük resursları var. Təbii ki, bu resurslar seçki kampaniyası zamanı səmərəli şəkildə istifadə olunacaq.

YAP-ın çox böyük təşkilati resursları var. Partiyamızın Azərbaycanın bütün rayonlarında oturuşmuş və səmərəli fəaliyyət göstərən yerli sturukturları mövcuddur. Bunlar seçki kampaniyasının uğurlu keçirilməsini təmin edə biləcək və partiyamızın geniş şəkildə şaxələnmiş təsisatlarıdır. Bunlar da sekçi kampaniyasının uğurlu keçirilməsini təmin edir. İndi keçirilən hesabat-seçki konfranslarının bir məqsədi də partiyanın yerli sturukturlarına baxış keçirmək və onların 2008-ci ilin prezident seçkisi kampaniyasına hazırlığına start verməkdir.

Bundan başqa YAP-ın çox geniş intellektual resursu mövcuddur. Azərbaycanın çox yüksək intellektə sahib olan hörmətli adamları YAP-ın sıralarında çəmləşiblər. Bu qədər həm intellektual gücün, həm də hörmətli insanların bizim partiyanın sıralarında olması YAP-ın seçki kampaniyasının uğurunu təmin edən edən vacib amillərdən biridir.

Nəhayət, YAP-ın xalq arasında çox böyük inam resursu var və bu etimad formasında ortaya çıxır. İnsanlar hər hansı partiyanın irəli sürdüyü namizədə bir çox parametrlərə görə rəğbət bəsləyib səs verirlər. Bu parametrlərin vaciblərindən biri də seçicilərin partiyaya olan inamıdır. YAP fəaliyyət göstərdiyi illər ərzində insanların etimadını doğrultduğuna görə xalq arasında partiyamıza bir inam formalaşıb. Bu etimad da YAP-ın seçki uğurlarını təmin edən cəhətlərindən biridir.

Seçki keçirmək təcrübəsinin olması da vacibdir. YAP 1993-cü ilən bu günə qədər Azərbaycanda keçirilən bütün seçkilərdə fəal şəkildə iştirak edib və uğur qazanıb. Bütün bunların hamısı nəticə etibarı ilə partiyamızın zəngin seçki təcrübəsini formalaşdırıb. Hesab edirəm ki, bu da seçki kampaniyasının uğurlu keçməsini təmin edən amillərdən biridir. Sadaladığım bütün faktorlar YAP-ın gələcəkdə keçirəcəyi seçki kampaniyasının uğurlu olacağına ciddi inam yaradır.

2008-ci ildə istifadə edəcəyimiz seçki texnologiyalarına gəlincə, YAP bütün seçkilərdə müasir texnologiyalardan bəhrələnməyə çalışıb. Qarşıdakı prezident seçkiləri kampaniyasının özünə məxsus bir sıra özəllikləri olacaq. Təbii ki, 2008-ci ilin Azərbaycanı 2003-cü ilin Azərbaycanından müsbət mənada inkişafı ilə fərqlənəcək. Bu fərqlərin hər biri, bütün bu yeni məqamlar və tendensiyalar bizim tətbiq edəcəyimiz seçki texnologiyalarına bir sıra yeniliklərin gətirilməsini şərtləndirəcək. İndidən 2008-ci ilin prezident seçkilərində hansı texnologiyalardan istifadə edəcəyimizə dair suala cavab vermək düzgün olmazdı. Çünki 2008-ci ilə hələ xeyli var. Bu zaman ərzində Azərbaycan yenə də inkişaf edəcək, siyasi reallıqlar YAP-ın seçki kampaniyası üçün uğurlu istiqamətdə dəyişəcək. Amma bir məsələni demək istəyirəm ki, elə seçki texnologiyalarından istifadə edəcəyik ki, bu, bizim qarşımıza qoyduğumuz məqsədə nail olmağımız üçün maksumum əlverişli imkan və şərait yaradacaq.

- 2008-ci ilin prezident seçkilərində müxalifətin şansını necə qiymətləndirirsiz? Bu düşərgənin güclü bir namizədlə seçkilərə qatılmaq şansı varmı?

- Azərbaycanın 1993-cü ildən bu dövrə qədər yaşadığımız tarixinin ortaya çıxardığı həqiqətlər arasında xüsusi ilə qeyd olunmalı gerçəkliklərdən biri də mövcud iqtidarın mövqelərinin gündən-günə möhkəmlənməsi və paralel olaraq bu iqtidarın rəqiblərinin mövqelərinin zəifləməsidir. Qeyd etdiyim müddət ərzində Azərbaycan müxalifəti ardıcıl olaraq ildən-ilə öz mövqelərini itirib, xalq arasında müxalifətə olan inam azalıb. İndiki vəziyyət ondan ibarətdir ki, Azərbaycanda müxalifət düşərgəsində olan partiyalar və bu təşkilatlarda toplaşmış insanlar demək olar ki, seçicilərin etimadını tamamilə itiriblər. Doğrudur, ölkədə adını müxalfət qoyan , özünü müxalifət kimi təqdim etməyə çalışan partiyalar mövcuddur. Təbii ki, onlar müxalifət partiyalarıdır. Amma onların xalq arasında dayaqları, etimadı yoxdur. Bu etimad gündən-günə böyük bir sürətlə azalır. Hesab edirəm ki, bu proses 2008-ci ilin prezident seçkilərinə qədər də davam edəcək.

Lakin bu belə bir qənaətə gəlməyə əsas vermir ki, 2008-ci ilin prezident seçkilərində namizədliyini irəli sürən insanlar olmayacaq. Belə insanlar olacaq. Kimlərinsə namizədliyini irəli sürməsi və yaxud da hansısa partiya tərəfindən namizəd qismində kimlərinsə irəli sürülməsi belə bir qənaətə gəlməyə əsas vermir ki, onlar YAP-ın namizədi üçün ciddi bir rəqib olacaqlar. İndi heç Azərbaycanın üfüqində də İlham Əliyevə rəqib ola biləcək bir namizəd görünmür. Hesab edirəm ki, 2008-ci ilə qədər belə bir namizəd ortaya çıxmayacaq.

Mən istəməzdim ki, YAP qarşıdakı prezident seçkiləri kampaniyasını ciddi rəqib olmadan həyata keçirsin. Açığını deyim ki, bu seçki ehtirasları baxımından da maraqlı olmur. YAP kimi çox böyük potensiala malik olan partiya istəyərdi ki, onun qarşısına ciddi rəqiblər çıxsın və çox ciddi seçki yarışı prosesində öz namizədinin uğurunu təmin etsin. Lakin gerçəklik ondan ibarətdir ki, çox ehtimal ki, 2008-ci ilin prezident seçkiləri kampaniyasında bizim qarşımıza çıxacaq namizədlər kifayət qədər zəif, əhali tərəfindən ciddi şəkildə dəstəklənməyən namizədlər olacaqlar. Mən deyərdim ki, bu da 2008-ci ilin seçki ehtiraslarını o qədər də qaynar etməyəcək. Yaxşı olardı ki, bizim ciddi rəqibimiz olsun. Təssüflər ki, bu yoxdur.

Bü gün Azərbaycan müxalifəti nəinki bütün etimadları itirib, eyni zamanda vaxtilə bir blokda təmsil olunan, blok şəkildə iqtidarla mübarizə apardıqlarını bəyan edən partiyalar bir-biri ilə ciddi şəkildə didişir, mübarizə aparırlar. Vaxtilə müttəfiqləri olmuş insanları çox ciddi günahlarda, bəlkə də xəyanətlərdə suçlayırlar, onlara qarşı ittiham irəli sürürlər. Bütün bunlar onu göstərir ki, Azərbaycan müxalifəti çox ciddi böhran vəziyyətindədir. Mən inanmıram ki, bu böhran dövrü 2008-ci ilə qədər aradan qalxsın. Bir də inanmaq çox çətindir ki, bu gün müxalifət düşərgəsində dərin kök atmış münasibətlər fonunda siyasi partiyaların rəhbərləri kimi fəaliyyət göstərən şəxslər yenidən xalqın etimadını qazana bilsinlər. Əgər Azərbaycanda demokratik cəmiyyətlərin atributlarından olan müxalifətçilik ab-havası mövcud olmalıdırsa, bunu indiki müxalifət deyil, insanların heç olmasa kiçik bir qisminin etimad göstərdiyi tamamilə başqa qüvvələr formalaşdarmalıdır.

- Əli müəllim, prezidentin səlahiyyət müddətinin artırılmasına dair müxtəlif təkliflər səsləndirilir. Sizcə, Azərbaycanda dövlət başçısının səlahiyyəi müddətinin artırılmasına ehtiyac varmı?

-Demokratik cəmiyyət elə ona görə demokratik cəmiyyət adlanır ki, insanlar öz fikirlərini açıq şəkildə ifadə edə bilsinlər. Azərbaycanda prezidentin səlahiyyət müddəti Konstitusiya ilə müəyyənləşdirilib və bizim hər birimiz Konstitusiyaya hörmətlə yanaşırıq. Eyni zamanda Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi altında son üç ildə Azərbaycanda baş verər sürətli inkişafı görürlər və bunu yüksək qiymətləndirirlər. Hər bir seçimin mənası və mahiyyəti ölkədə inkişafın təmin olunmasına xidmət edir. İlham Əliyevin 2003-cü ildə prezident mandatı qazanması bu günkü inkişafın mahiyyətini təşkil edir. Buradan belə belə bir qənaət yaranır ki, 2008-ci ildə İlham Əliyevin ikinci dəfə prezident seçilməsi yenə də Azərbaycanın daha böyük bir müddətdə inkişaf etməsini təmin etmiş olacaq. İnsanların rifahına və ölkənin inkişafına xidmət edən hər bir şey alqışlanmalıdır. Demokratik cəmiyətlərdə istənilən məhdudiyyət yalnız bir məqsədə xidmət edir. Bu da daha şanslı və yaxşı namizədlərin ortaya çıxması və daha yaxşı variantların reallığa çevrilməsi imkanlarının əldə edilməsidir. Hesab etmirəm, bu gün ölkəmizdə kimsə düşünsün ki, Azərbaycana İlham Əliyevdən daha yaxşı rəhbərlik edə biləcək namizəd var. Çünki belə bir namizəd sadəcə olaraq yoxdur. Belə olan halda hər bir Azərbaycan vətəndaşı arzu edir ki, qısa bir vaxtda ölkədə böyük inkişafın baş verməsini təmin etmiş prezident daha uzun müddət dövlətə rəhbərlik etsin ki, bu inkişafın ömrü də zaman etibarilə artmış olsun. İlham Əliyevin prezident olması Azərbaycana, ölkəmizin inkişafına və hər bir vətəndaşın mənafeyinə xidmət edir. Belə olan halda hər bir seçicinin haqqı var açıq şəkildə öz istəklərini ifadə etsin ki, onlar bu inkişaf daha uzun müddətli olsun və bunu təmin edən amil daha uzun müddətdə fəaliyyət göstərmiş olsun. İlham Əliyevin prezidentlik müddətinin artırılması ilə əlaqədar səsləndirilən fikirlər bundan ibarətdir. Birincisi, bu fikirlər demokratiya ab-havasına uyğundur. İkincisi, Azərbaycanın inkişafına xidmət edən təkliflərdir. Üçüncüsü, hər bir vətəndaşın rifahına xidmət edən istəklərin ifadəsidir. Bütün bunların hamısı səsləndirilən fikirlərin tamamilə səmimi istəklərdən qaynaqlandığını təsdiqləyir.

Dünya təcrübəsinə müraciət etdikdə də burada qeyri-adi heç nəyin olmadığı məlum olar. Dünyanın bir sıra ölkələrində prezidentlərin səlahiyyət müddəti dörd və ya beş, bəzilərində isə yeddi il müəyyənləşdirilib. Türkiyədə, Fransa kimi demokratik ənənələri olan ölkələrdə prezidentin səlahiyyət müddəti yeddi il müəyyənləşdirilib.

Məsələnin başqa bir tərəfi də mütləq nəzərə alınmalıdır. Bu da insanların səmimi istəklərinin ifadəsi kimi ortaya çıxan bu cür fikirlərə prezident İlham Əliyevin münasibətidir. Amma bir məsələ tamamilə aydındır ki, İlham Əliyev Azərbaycana nə qədər çox rəhbərlik edərsə, o, bütövlükdə ölkəmizin və ayrı-ayrılıqda hər bir vətəndaşın mənafeyinə bir o qədər xidmət etmiş olacaq.

- Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı rəsmi Bakı ilə Avropa sturukturları arasında danışıqlar davam etdirilir. Sizcə, Seçki Məcəlləsinin dəyişdirilməsinə ehtiyac varmı?

- Bu suala bir çox istiqamətdə cavab vermək mümkündür. Birincisi, istənilən bir qanunun həmişə təkmilləşdirilməsinə ehtiyac var. Təkmilləşməyə etiraz etmək sadəcə mümkün deyil. Hesab edirəm ki, kimsə buna etiraz edərsə, inkişafa qarşı çıxmış olar. İkinci çox vacib müddəa ondan ibarətdir ki, Azərbaycanın hər hansı bir sahəsini, o cümlədən seçkilər sahəsini eksperimentlər meydanına çevirmək olmaz. Seçki komissiyaları ilə əlaqədar hər seçki zamanı bir ekspermentin keçirilməsinin əhəmiyyətli olduğunu təsdiqləyə bilmərəm. Son 12-13 ildə Azərbaycanda hər bir seçki keçirilən zaman seçki komissiyaları üzərində böyük eksperimentlər aparılıb. Hər dəfə aparılan eksperimentlərdən sonra yenə də YAP qalib gəlib. Belə çıxır ki, kimlərsə seçki komissiyalarında dəyişikliklər etməklə YAP-ın qələbəsini əngəlləməyə cəhdlər göstərirlər. Bunu başqa formada da ifadə etmək mümkündür. Kimlərsə seçki komissiyaları sahəsində eksperimentlər aparmaqla, yeni-yeni formatlar irəli sürməklə seçkilər zamanı kimlərinsə qələbə qazanmasını təmin etmək istəyirlər. Qeyd etdiyim hər iki yanaşma qüsurludur. Seçki komissiyalarının formatını dəyişməklə, müxtəlif formatlar ortyaya atmaqla hansısa bir partiyanın qələbəsini təmin etmək və yaxud da hansısa partiyanın real qələbəsinin qarşısına əngəllər törətmək qeyri-demokratik addımdır. Bu qeyri-demokratik addım da qeyri-demokratik təfəkkürün məhsulu kimi qəbul olunmalıdır.

Azərbaycanda seçki komissiyaları çox unikal bir format əsasında təşkil olunub. Bu da seçki komissiyalarının maraqlı tərəflərin iştirakı ilə formalaşdırılmasıdır. Hakimiyyətdə olan partiyanın təmsilçiləri, iqtidarın opponetləri olan partiyaların nümayəndələri və bu iki qüvvənin seçki rəqabətinə sanki bir orbitrlik edəcək bitərəflərin təmsilçiləri seçki komissiyalarında təmsil olunurlar. Beləliklə, seçki komissiyaları üç bərabər tərəfin iştirakı ilə formalaşdırılıb. Komissiyaların bu formada təşkil olunması bir yandan onların hansısa bir tərəfin manopoliyasında olmasının qarşısını alır. İkincisi, seçki komissiyalarının işinin kiminsə istəyinə uyğun olaraq iflic vəziyyətə salınmasını önləyir, buna imkan vermir. Təssəvür edin ki, bəzi müxalifət partiyalarının və onlara dəstək verən beynəlxalq təşkilatların təmsilçilərinin təklif etdikləri kimi seçki komissiyaları bərabər əsaslarla formalaşdırılır. Yəni komissiyalar iqtidar və müxalifətin təmsilçilərindən ibarət olur. Hələ mən müxalifət kim olacaq, kimlər orada təmsil olunmaq hüququna malikdirlər məsələsini bir kənara qoyuram. Baxmayaraq ki, bunlar da çox vacib məsələlərdir. Təbii ki, seçkilərin nəticələri elan olunduqda kimsə qələbə qazanır, kimsə uduzur. Uduzan tərəf partiya maraqlarınına uyğun olaraq heç bir əsası olmadan seçkilərin nəticələrini qəbul etmir. Beləliklə də, seçki komissiyaları bir qərara gələ bilmirlər və seçki prosesi pozulur. Nəticədə ölkədə seçki prosesi iflic vəziyyətə düşmüş olur. Təbii ki, heç bir normal ölkədə belə bir formatın tətbiq olunmasına imkan vermək olmaz. Çünki bu həmin dövlətin siyasi əsaslarının dağılması demək olar. Ona görə də ən yüngül şəkildə desək, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ideyasından qeyri-effektiv bir forma yoxdur. Hesab edirəm ki, bunun əsl adı ölkənin siyasi sabitliyini pozmaqdır.

Bu baxımdan bir tərəfdən seçki komissiyalarını ekspermentlər meydanına çevirməmək, digər tərəfdən isə seçki prosesinin normal gedişinə əngəllər törətməmək üçün bir neçə seçki prosesində özünü doğrultmuş indiki formatın saxlanılmasını tamamilə məqbul sayıram. Açıq şəkildə bəyan edirəm ki, seçki komissiyalarının tərkibində hər hansı dəyişiklik etməyə ehtiyac yoxdur.

Amma bir məsələni də qeyd etmək lazımdır ki, dünyanın əksər ölkələrində seçki admistrasiyaları dövlət qurumlarının vasitəsi ilə formalaşdırılır və öz funksiyasını həyata keçirirlər. Bunlar Daxili İşlər Nazirliyi və ya başqa dövlət qurumları ola bilər. Hesab edirəm və ola bilsin ki, gələcəkdə Azərbaycanın seçki admistrasiyasında islahatlar aparılanda dünya təcrübəsinin məhz bu müddəalarından istifadə edilsin.

- Belə məlumatlar da var ki, Mərkəzi Seçki Komissiyası ləğv oluna bilər. Bu mümkündürmü? Bu variant Azərbaycan hökuməti ilə Avropa sturukturları arasında müzakirə olunurmu?

- Aparılan danışıqlarda iştirak etmədiyimə görə sualınızın konkret hissəsinə cavab verə bilməyəcəm. Amma prinsipal nöqteyi-nəzərdən bir sıra mülahizələrimi səsləndirmək istərdim.

Birincisi, Azərbaycan dünya birliyinə getdikcə daha sürətlə inteqrasiya edir. Ona görə də dünyada müsbət nə varsa, bütün bunların hamısı nə vaxtsa Azərbaycanda tətbiq olunacaq. O cümlədən seçki admistrasiyalarının formalaşması məsələsində dünyada əldə olunmuş müsbət təcrübələr ölkəmizə də gələcək. Müsbət təcrübə isə ondan ibarətdir ki, dünyanın hər bir yerində seçki kimi əhəmiyyətli bir hadisəni tez-tez formatı dəyişdirilən qurumlara deyil, ciddi dövlət qurumlarına etibar edirlər. Deməli, bu, nə vaxtsa Azərrbaycanda da tətbiq olunacaq. Bunun ölkəmizdə tətbiq olunmasını çətinləşdirən gerçəklik ondan ibarətdir ki, təəssüf ki, müxalifət partiyaları seçkilərdə özlərinin uğursuzluqlarını insanların bu partiyalara inamının olmaması ilə deyil, guya ki, seçki komissiyalarının obyektiv işləməməsi ilə izah edirlər. Beləliklə də, seçki kampaniyasında iştirak edən bir çox partiyaların məğlub olacağını hər bir insanın aydın şəkildə dərk etməsinə baxmayaraq, onlar az qala özlərini qalib elan edir və sonra da bəyanat verirlər ki, əgər seçki komissiyaları obyektiv işləsəydi, nəticələr başqa formada olardı. Belə olan halda müxalifət partiyaları tərəfindən heç bir əsas olmadan hətta onların öz nümayəndələrinin iştirak etdiyi komissiyalara inam olmadığı bir dövrdə Azərbaycanda seçki komissyalarını dünya praktikası əsasında formalaşdırmaq real deyil. Çünki bu müxalifət partiyaları tərəfindən seçki komissiyalarına olan inamsızlığı daha da artıracaq. İndiki dövr üçün Azərbaycanda seçki komissiyalarını siyasi partiyaların təmsilçilərinin iştirakı ilə formalaşdırmaq daha əlverişli variantdır.

- İqtidar-müxalifət dialoqunun baş tutmamasının səbəbi nədir? Sizcə, dialoqa ehtiyac varmı?

- YAP-ın dialoq məsələsinə münasibəti məlumdur. Biz dialoqun tərəfdarıyıq. Dialoq ən azından siyasi partiyalar arasında anlaşmanın əldə edilməsinə imkan yaradır. İndiki halda Azərbaycanda dialoqa ehtiyac varmı sualına da bu konteksdən cavab vermək istərdim. Diaolqa, sağlam əsaslarla təşkil olunan fikir mübadiləsinə həmişə ehtiyac var. Əgər bu fikir mübadiləsinin arxasında başqa niyyətlər yoxdursa və bu məsələyə dialoqda iştirak etmək istəyən tərəflər tamamilə bir -birindən fərqli şəkildə münasibət bəsləmirlərsə. İndiki dövrdə müxalifət tərəfindən dialoqla bağlı səsləndirilən fikirlər tamamilə ziddiyyətlidir. ADP təmsilçiləri YAP-a dialoq təklif ediblər. Biz bunu tamamilə normal qarşılayırıq. Hesab edirəm ki, buna normal yanaşmaq lazımdır. Amma təəssüflər olsun ki, həm bu partiyanın ayrı-ayrı təmsilçilərinin, həm də bu partiyanın təmsil olunduğu düşərgənin dialoq məsələsinə, o cümlədən bu təşəbbüsə münasibəti kifayət qədər ziddiyyətlidir. ADP təmsilçilərinin bir qismi YAP-la və iqtidarla dialoqa tərəfdar olduğunu bəyan edir, digər qismi isə artıq dialoq fikrindən daşındıqlarına dair bəyanatlar səsləndirirlər. Belə olan halda YAP kimlə dialoqa getməlidir? Bu gün dialoqla bağlı fikirlər səsləndirən şəxslər ADP-ni tam təmsil edirlərmi? Onların bu dialoqu aparmağa səlahiyyətləri varmı? Yoxsa bu yalnız bir qrupun və bir neçə nəfərin iradəsinin ifadəsidir. Bu məsələlər bizə və hesab edirəm ki, cəmiyyətə aydın deyil.

Bu məsələ bütövlükdə müxalifət düşərgəsinə aiddir. Müxalifət partiyalarının bir qismi dialoqa tərəfdar olduqlarını, digər hissəsi isə ADP-nin bəzi təmsilçilərinin iqtidarla dialoq haqqında fikirlərini süngü ilə qarşılayırlar. Az qala belə bir təşəbbüs irəli sürdüyünə görə Sərdar Cəlaloğlunu düşmən elan edirlər. Ona görə də bütün bu məsələlərə aydınlıq gətirilməyincə YAP-ın müxalifət düşərgəsində olan partiyalarla dialoqu real görünmür. Bu gun YAP-la müxalifət partiyaları arasında dialoq mühitinin formalaşmasına əngəl törədən bir amil varsa, bu da müxalifət amilidir. Müxalifət arasında dialoqa münasibətin və bununla bağlı çağırışların fərqli və ziddiyyətli olması bu mühitin formalaşmasına imkan vermir. Müxalifət düşərgəsində YAP-la dialoq məsələsinə münasibət saflaşmayınca dialoqun baş tutması mümkün deyil. Çünki biz bir partiya ilə dialoqa getsək, müxalifət düşərgəsinin digər üzvləri bunu normal qarşılamayacaqlar. Bunu YAP-ın "Azadlıq" blokunu, ya da müxalifət düşərgəsini dağıtması cəhdləri kimi qiymətləndirəcəklər. Ona görə də əvvəlcə bu məsələləri öz aralarında tam aydınlaşdırsınlar. Bundan sonra YAP bu təşəbbüslərə öz müsbət reaksiyasını bildirəcək.

- ADP-nin dialoqla bağlı qərar qəbul etməsindən sonra bu partiyanın daxilində baş verənləri necə qiymətləndirirsiz? ADP təmsilçiləri görüşmək üçün YAP rəhbərliyinə müraciət ediblərmi?

- Əvvala, mən ADP-də baş verənlərlə bağlı məxsusi münasibət bildirmək istəməzdim. Bunlar həmin partiyanın daxilində baş verən proseslərdir və guman edirəm ki, ADP təmsilçiləri təşkilatın daxilində indi müşahidə olunan problemləri özləri həll etmək gücündə olacaqlar. Bir daha qeyd etmək istəyirəm ki, ADP-nin radikallıqdan imtana edib konsturuktiv mövqeyə keçmək haqqında səsləndirdiyi bəyanatı YAP olaraq müsbət qiymətləndiririk. Ən azı ona görə ki, biz dəfələrlə radikalizmin Azərbaycanın siyasi mühütü üçün heç də əlverişli siyasi mübarizə və məfkurə forması olmadığını bəyan etmişik. YAP-la müxalifət partiyaları arasında normal anlaşmanın əmələ gəlməməsinin səbəblərindən biri də opponetlərimizin qəti radikallıq mövqeyində dayınmalarıdır. Biz açıq şəkildə ifadə edirdik ki, heç bir əsas olmadan iqtidarı tənqid edən, təhqirlərə məruz qoyan partiylarlaYAP-ın bir stol arxasında oturması ən azı psixoloji baxımdan çox çətindir. Onlara deyirdik ki, siz bizi təhqir edərək bizimlə bir stol araxasında oturmaq təklifi irəli sürürsüz. Əvvəlcə mövqeyinizi aydınlaşdırın. Əgər YAP təmsilçiləri ilə bir stol arxasında oturmaq istəyirsizə, onda bizi niyə təhqir etməlisiz. ADP-nin mövqeyini ən azı bu baxımdan müsbət qiymətləndiririk.

Hesab edirəm ki, ADP belə bir addım atmaqla əslində Azərbaycan müxalifətini bəlkə də böyük bir bəladan xilas etmək missiyasını öz üzərinə götürmüş oldu. Çox yaxşı olardı ki, ADP-nin bu təşəbbüsünü və mövqeyini müxalifət düşərgəsində olan partiyalar süngü ilə qarşılamayıb, ona adekvat reaksiya verəydilər. Belə bir reaksiya olardısa, bu, Azərbaycanda siyasi partiyalar arasında dialoq mühütinin yaranmasına çox ciddi kömək göstərmiş olardı. Təəssüf ki, ADP-nin bütövlüklükdə müsbət və təqdir edilməli olan bu addımını müxalifət düşərcəsindəki digər partiyalar, onların öz blokdaşları nəinki düzgün başa düşmədilər, hətta onu süngü ilə qarşıladılar. Beləliklə, başlana biləcək çox pozitiv bir prosesin həmişəlik olmasa da, xeyli müddətə qarşısını almış oldular.

ADP nümayəndələri ilə YAP təmsilçiləri arasında görüşün olmasına gəlincə, ADP belə bir təşəbbüsü irəli sürmsəyə hazırlaşarkən və irəli sürəndən sonra YAP təmsilçiləri ilə görüşmək niyyətnidə olduqlarını bildiriblər. Bu barədə bizə məlumatlar gəlib çatırdı. Ancaq bizim bir neçə vacib tədbirimiz, o cümlədən rayon və şəhər təşkilatlarında keçirilən konfranslarımız intensiv şəkildə olduğuna görə iş qrafikimiz bu müraciətlərə vaxtında cavab verməyə imkan vermədi. Sonra isə ADP-nin daxilində məlum proseslər baş verdi. Onların bu təşəbbüsünə cavab verməməyimiz o demək deyil ki, biz ADP təmsilçiləri ilə görüşmək istəməmişik. Bu görüş baş tuta və orada istənilən məsələni müzakirə edə bilərik.

- YAP rayon və şəhər təşkilatlarının hesabat-seçki konfransları yekunlaşmaq üzrədir. Bu konfransların nəticələrini necə qiymətləndirirsiz?

- YAP-ın Nizamnaməsinə görə hər iki ildən bir partiyanın rayon və şəhər təşkilatlarının hesabat-seçki konfransları keçirilməlidir. Hazırda partiyanın yerli təşkilatlarında bu cür konfranslar keçirilməkdədir. Artıq 83 rayon və şəhər təşkilatının böyük bir hissəsində konfransları başa çıtdırmışıq. Yerdə qalan 15-16 yerli təşkilatda konfranslara hazırlıq görülür. Bütövlükdə bu konfransların nəticələri ondan ibarətbir ki, YAP-ın yerli təşkilatları kifayət qədər oturuşub və yerli şəraitə uyğun şəkildə fəaliyyətlərini qurublar. YAP-ın əldə etdiyi uğurlar həm də onunla əlaqədardır ki, partiyanın yerli sturukturları səmərəli şəkildə fəaliyyət göstərə bilirlər.

Təbii ki, hesabat-seçki konfransları yalnız yeni tərkibin seçilməsini qarşısına məqsəd qoymayıb. Eyni zamanda ötən dövrə və qarşıda duran mərhələyə nəzər salınır, nöqsanlar müəyyənləşdirilir, yeni vəzifələrin nədən ibarət olduğuna dair fikir mübadiləsi aparılır və həmin vəzifələrin həyata keçirilməsi yolları müəyyənləşdirilir.

Zaman sürətlə inkişaf edir və bu inkişaf nəticəsində yeni-yeni vəzifələr ortaya çıxır. Keçirilən hesabat-seçki konfranslarının ortaya çıxardığı gerçəkliklərdən biri də ondan ibarətdir ki, bəzi yerlərdə bizim rayon və şəhər təşkilatlarının aşağı sturukturlarla - ilk, özək təşkilatlarla əlaqələri bəzi hallarda lazımi səviyyədə olmur. Ona görə də hesab edirik ki, indiki mərhələdə, xüsusən də prezident seçkilərinə hazırlıq dövründə rayon və şəhər təşkilatlarında partiyanın aşağı sturukturlarında işin genişləndirilməsinə ehtiyac var. Rayonlar və şəhərlərin bütün ərazisində yaşayan insanlar bizim rayon və şəhər təşkilatlarımızın yerli sturukturları tərəfindən imkan daxilində nəzərə alınmalıdır. Çünki insanları partiyanın irəli sürdüyü platformaya səs verməyə dəvət etmək üçün seçicilərlə kifayət qədər geniş və ikitərəfli təmasların qurulmasına ehtiyac var. Bu təmasların qurulması da partiyanın rayon və şəhər təşkilatlarının daha aşağı strukturlara öz işini sirayət etdirməsindən bilavəsitə asılıdır. Biz dünya praktikasından çıxış edərək partiya işinin məntəqə əraziləri üzrə qurulması taktikasını seçmişik. Çünki seçki kampaniyası zamanı seçicilərlə səmərəli şəkildə iş aparmaqdan ötürü gərək həmin iş ən aşağı səviyyəyə, yəni bilavasitə seçki ərazilərinə sirayət edə bilsin.

Bu baxımdan keçirilən konfranslar zamanı ortaya çıxardığımız gerçəkliklərdən biri də ondan ibarətdir ki, qarşıdakı bir il ərzində biz ilk təşkilatlarla, ərazi vahidləri üzrə seçicilərlə apardığımız işi gücləndirmək üçün özək təşkilatlarında partiyanın fəaliyyətinin gücləndirilməsinə çox ciddi ehtiyac var. Bizim təbliğat və təşviqat üsullarımızın da təkmilləşdirilməsinə və yeniləşdirilməsinə ehtiyac var. Bundan başqa, YAP-ın rayon və şəhər təşkilatlarında çalışan ştatlı kadrların siyasi hazırlığı və peşəkarlıq səviyyəsinin daimi yüksəldilməsinə ehtiyac var. Qarşıdakı dövrdə YAP bununla əlaqədar böyük bir proqram həyata keçirməli olacaq.

Gənclər arasında işin aparılmasına və partiyanın ideyalarının onlar arasında yayılmasına xüsusi diqqət verilməsi ehtiyacının olduğu da keçirilən konfranslar zamanı ortaya çıxan gerçəkliklərdən biridir. Doğrudur, YAP-ın sıralarında 150 mindən artıq gənc var. Amma hesab edirəm ki, bu, Azərbaycanda olan gənclərin bütün potensialını əks etdirmir. Say etibarı ilə gənclər ölkəmizdə əhalinin böyük bir hissəsini təşkil edirlər. Ona görə də gənclər arasında YAP-ın ideyalarının geniş yayılması və bu təbəqədən olan insanların partiya sıralarına cəlb olunması işinin fəallaşdırılması zərurəti də konfranslar zamanı ortaya çıxan nəticələrdən biridir. Mən ən vacib olan məsələlərə toxundum ki, konfranslar başa çatandan sonra onlar ətrafında geniş plan əsasında fəaliyyət göstərmək niyyətindəyik...

Xəbər lenti

Xəbər lenti