...

ALP Siyasi Şurasının iclasında yeni departamentlər yaradılıb

Siyasət Materials 19 Fevral 2007 13:51 (UTC +04:00)

Azərbaycan Liberal Partiyası (ALP) Siyasi Şurasının fevralın 17-də keçirilən iclasında təşkilatı məsələlər müzakirə olunub. Bu barədə Trend ə ALP-dən məlumat verilib.

İclasda bir sıra kadr və struktur dəyişiklikləri aparılıb. İcraiyyə Komitəsinin yeni 12 nəfərdən ibarət tərkibi və Elman Məmmədzadə bu strukturun yeni sədri seçilib, İcraiyyə Komitəsinin reqlamentinə, Mərkəzi Nəzarət-Təftiş Komissiyası haqqında, yerli şöbələr haqqında qaydalara əlavə və dəyişikliklər edilib.

Bundan başqa ALP İcraiyyə Komitəsinin yeni sturukturu təsdiqlənib, ümumi, seçki, sosial-iqtisadi, insan haqları, təbliğat-təşviqat, maarifləndirmə və partiya arxivi, qaçqınlarla iş və hüquqi məsələlər üzrə yeni departamentlər yaradılıb.

Siyasi Şura ALP sədrinin müavini Elxan Abbasova partiya sədrinin beynəlxalq əlaqələr üzrə müavin səlahiyyətlərini həvalə edib.

İclasda ALP-nin sədr əvəzi Əvəz Temirxan partiyanın 2006-cı ildəki fəaliyətinin yekunları və 2007-ci ildə fəaliyyət istiqamətləri haqqında məruzə edib. O bildirib ki, ALP-nin siyasi fəaliyyətində bundan sonra da "Azadlıq" blokunda təmsil olunan müttəfiq partiyalarla sıx əməkdaşlıq edəcək.

Qeyd edək ki, ALP sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə 1996-cı ildə yaradılıb. Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir. O, müxalifətçi Liberal Partiyanın qurucusu və lideridir. 2003-cü ilin prezident seçkiləri dövründə ALP sədri vəzifəsindən istefa verib və bu partiyanın da daxil olduğu Milli Birlik Hərəkatının lideri seçilib. Həmin dövrdən partiyaya ALP İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan rəhbərlik edir. O ALP-nin sədr əvəzi kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Lalə Şövkət 1993-cü ilin iyulundan 1994-cü ilin yazınadək dövlət katibi olub.

Xəbər lenti

Xəbər lenti