...

"Azadlıq" blokunun həmtəsisçisi Əli Əliyev: "Azadlıq" bloku ADP ilə bağlı qəbul etdiyi qərarı dəyişməyəcək"

Siyasət Materials 19 Fevral 2007 15:24 (UTC +04:00)

"Azadlıq" bloku Azərbaycan Demokrat Partiyasında (ADP) yaranmış vəziyyətlə bağlı qəbul etdiyi qərarı dəyişməyəcək. Bu barədə Trend ə açıqlamasında "Azadlıq" blokunun həmtəsisçilərindən biri olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, ADP-də yeni situasiya yaranıb və ziddiyyətlər dərinləşib. Bu isə partiyanın faktiki olaraq qütbləşməsi deməkdir. Lakin yaranmış vəziyyət onlara qəbul etdikləri qərara yenidən baxmağa əsas vermir.

"Bizim qərarımız ADP-də yaranmış situasiyaya görə deyil, blokun mövqeyinə əsasən qəbul olunub. Bu isə daha çox kompromisi əks etdiridi. Həmin vaxt qarşılıqlı kompromislər yolu ilə problemi həll etmək mümkün idi. Təəssüf edirəm ki, bu baş vermədi", -deyə Əli Əliyev bildirib.

Ə.Əliyev ADP sədri Rəsul Quliyevin "Azadlıq" blokunun qərarını "absurd və gülünc" adlandırmasına da münasibət bildirib.

"Bizim qərarımızı və mövqeyimizi bu cür səciyyələndirmək düzgün münasibət deyil. "Azadlıq" blokunun ADP-də baş verənlərə münasibəti qəbul edilən qərarda öz əksini tapıb. Orada gülünc doğuran heç bir fakt yoxdur. Biz çalışırdıq ki, kompromislər yolu ilə ADP yaranmış böhrandan növbəti mərhələyə bütöv halda çıxa bilsin", - deyə Əli Əliyev bildirib.

Onun fikrincə, ADP-dəki vəziyyətlə bağlı haqlı mövqe tutublar.

Xatırladaq ki, ADP sədri Rəsul Quliyev Sərdar Cəlaloğlunu özünün birinci müavini və partiyanın "Azadlıq" blokundakı nümayəndəsi vəzifəsindən azad etsə də blok bu qərarı tanımayıb. Eyni zamanda Rəsul Quliyev ADP Ali Məclisinin sədri Akif Şahbazovu partiyanın blokdakı nümayəndəsi təyin etsə də, "Azadlıq" blokunun Sədrlər Şurası Sərdar Cəlaloğlu ilə əməkdşlıq haqqında qərar qəbul edib.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti