...

Səfir Z.Həşimov: "Fevralın 26-da Türkiyədə Xocalı abidəsi ziyarət olunacaq və anım mərasimi keçiriləcək"

Siyasət Materials 21 Fevral 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Fevralın 26-da Türkiyənin Keçeörən bələdiyyəsində Xocalı soyqırımı abidəsi önündə soyqırım qurbanları yad ediləcək və bundan sonra anım mərasimi keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov məlumat verib.

O bildirib ki, əvvəlcə Xocalı abidəsi ziyarət olunacaq, abidənin önünə çələng qoyulacaq. Sonra Ankaranın Bilkənd tələbə şəhərciyində Xocalı soyqırımı ilə bağlı anma mərasimi keçiriləcək. Bu mərasimə Türkiyənin nazirləri, millət vəkilləri, ziyalılar, siyasi partiya rəhbərləri, Azərbaycan diaspor nümayəndələri, tələbələr dəvət olunublar. Tədbirdə hüzünlü konsert veriləcək, Bilkənd orkestrinin ifasında Azərbaycan bəstəkarlarının simfonik əsərləri səslənəcək. Sonra Xocalı soyqırımına həsr olunmuş sərgi nümayiş etdiriləcək. Bunun ardınca Türkiyə vaxtı ilə saat 15.00-da bir dəqiqəlik sükut olacaq, Xocalıda qətlə yetirilmiş insanların xatirəsi yad ediləcək, ardınca bütün şəhidlərimizin ruhuna Quran oxunacaq, ehsan veriləcək.

Fevralın 27-də isə Türkiyənin Böyük Millət Məclisində Xocalı soyqrırımı ilə bağlı sərgi təşkil olunacaq və həmin gün parlamentdə dinləmələr keçiriləcək, deputatlar çıxış edəcəklər. Səfir Z.Həşimov bildirib ki, Türkiyənin mətbu orqanlarında da Xocalı soyqırımına həsr olunmuş məqalələr yazılır, telekanallarda bu mövzuda süjetlər göstərilir. "Yeni çağ" qəzetində "Bakıdan Ankaraya tarixi çağırış-Türkiyə parlamenti Xocalı soyqırımını tanısın" adlı yazısı nəşrin baş xəbəridir. "Hürriyyət" və digər qəzetlərdə də bu mövzu işıqlandırılır.

Xəbər lenti

Xəbər lenti