...

Sərdar Cəlaloğlu : " Rəsul Quliyev və digərləri günahlarını etiraf etsələr , onları bağışlayarıq "

Siyasət Materials 21 Fevral 2007 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Rəsul Quliyev və digərləri günahlarını etiraf etsələr, onları bağışlayarıq". Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu bildirib.

"Onlar ADP qarşısında öz günahlarını etiraf edib partiyaya bərpa olunmaq üçün Nizamnaməyə uyğun şəkildə müraciət etməlidirlər. ADP-nin müvafiq orqanları bu etirafları nəzərə alıb onları partiyaya bərpa edə bilər", - deyə S.Cəlaloğlu vurğulayıb.

S.Cəlaloğlu deyib ki, qarşı tərəfin nümayəndələri ilə görüşməyə və danışıqlar aparmağa hazırdır. Lakin qarşı tərəf kompromisə getmirsə, bu onun günahı deyil.

"Hər şeydən əvvəl ADP-nin parçalanması haqqında yalan məlumat yaymağa son qoymalıdırlar. Orada elə adamlar var ki, bizim onlarla yenidən bir partiyada təmsil olunmağımız mümkündür. Artıq bəziləri bizə zəng edib peşman olduqlarını bildirirlər", -deyə ADP funksioneri qeyd edib.

Xatırladaq ki, müxalifəti təmsil edən Azərbaycan Demokrat Partiyasında uzun müddət yaşanan daxili gərginlik sədr Rəsul Quliyevlə onun keçmiş birinci müavini Sərdar Cəlaloğlunun tərəfdarlarının yollarının ayrılmasını ilə nəticələnib. S.Cəlaloğlunun tərəfdarları Rəsul Quliyevi ADP sıralarından xaric ediblər. R.Quliyevin tərəfdarları isə Sərdar Cəlaloğlunu partiyadan uzaqlaşdırdıqlarını açıqlayıblar. "Azadlıq" bloku isə ADP kimi Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi təşkilatı tanıyıb. Blokun Sədrlər Şurasının üzvləri hesab edir ki, ADP-nin iki hissəyə parcalanmasının qarşısını almaq üçün imkanlar qalmaqdadır.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti