...

Səfir : Xocalı soyqırımı haqqında həqiqətlər Belçika ictimaiyyətinə təqdim olunacaq

Siyasət Materials 22 Fevral 2007 18:11 (UTC +04:00)
Səfir  :   Xocalı     soyqırımı     haqqında     həqiqətlər     Belçika     ictimaiyyətinə     təqdim     olunacaq

Azərbaycan, Bakı / Trend , müx. S.Ağayeva/ Xocalı soyqırımı haqqında həqiqətlərin, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri və nəticələri haqqında faktların Belçika ictimaiyyətinə çatdırılması, erməni diasporunun onilliklər ərzində yaydığı yalan və uydurmaların qarşısının alınması Brüsseldə Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı tədbirin təşkilatçıları olan Heydər Əliyev Fondu və Azərbaycanın Belçikadakı səfirliyinin başlıca vəzifələridir. Bu barədə Azərbaycanın Belçikadakı Fövqəladə və Səlahiyyətli Səfiri Emin Eyyubov məlumat verib.

Səfir bildirib ki, fevralın 26-da Avropa araşdırmaları mərkəzində anım mərasimi təşkil olunacaq və onun çərçivəsində Heydər Əliyev Fondunun Azərbaycanın ümumtəhsil məktəbləri və uşaq evlərində "Xocalı uşaqların gözləri ilə" mövzusunda keçirilmiş şəkil müsabiqəsində seçilmiş işlərin sərgisi keçiriləcək. Mərasimdə həmçinin Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" filmi nümayiş etdiriləcək. Mərasimə dəvət olunanlar Xocalıda erməni şovinistlərinin vəhşiliyini əks etdirən foto-şəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində dərc olunmuş Xocalı faciəsi haqqında materiallarla tanış olacaqlar. Aksiya zamanı həmçinin geniş ictimaiyyət arasında "Qarabağ haqqında həqiqət" məcmusunun yayılması da planlaşdırılır.

Səfirin sözlərinə görə, mərasimə Belçikada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların, o cümlədən Avropa Birliyi qurumlarının nümayəndələri, Avropa parlamentinin üzvləri, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri dəvət olunub. Tədbir yerli və xarici mətbuatda geniş şəkildə işıqlandırılacaq. Səfirlik həmçinin faciəli hadisələr haqqında press-reliz yaymağı da planlaşdırır. Onlar səfirliklərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət və ictimai təşkilatlara təqdim olunacaqlar.

Bundan başqa, Xocalı soyqırımının 15 -ci ildönümü ilə bağlı Belçikada fəaliyyət göstərən diaspor təşkilatları Belçikada Ermənistan səfirliyi və Avropa təsisatlarının yerləşdiyi binanın qarşısında etiraz aksiyası təşkil edirlər.

Xəbər lenti

Xəbər lenti