...

YAP "XX və XXI əsrlərin soyqırımları" mövzusunda keçiriləcək seminarın təşkilatçılarına etiraz məktubu göndərib

Siyasət Materials 22 Fevral 2007 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Fevralın 24-də Çikaqonun Nort Park Universitetində "XX və XXI əsrlərin soyqırımları" mövzusunda seminar keçiriləcəkdir. Seminarda Xolokost, Kombocada və Ruandada baş vermiş kütləvi qırğınlar kimi tarixi hadisələrlə yanaşı uydurma "erməni soyqırımı" haqqında məruzə dinlənilməsi də nəzərdə tutulur. Yeni Azərbaycan Partiyası (YAP) seminarın proqramına uydurma "erməni soyqırımının" daxil edilməsi ilə əlaqədar təşkilatçılara etiraz məktubu ünvanlayıb. Məktubda deyilir ki, seminarın proqramına uydurma "erməni soyqırımı" ilə əlaqədar məsələnin daxil edilməsi keçirilən müzakirələrin tarixi obyektivliyinə və elmi yükünə ciddi kölgə salır. Belə ki, "erməni soyqırımı" anlayışı XX əsrin ortalarında xaricdə məskunlaşmış erməni diasporunun uydurması olub, ciddi tarixi köklərə malik deyildir. Ona görə də bu cür müzakirələrin təşkil edilməsi əslində "erməni soyqırımı" şousundan siyasi təbliğat vasitəsi kimi yararlanmağa çalışan indiki Ermənistan rəhbərliyinin səylərinə dəstək vermək cəhdindən başqa bir şey olmayacaqdır. Məktubda daha sonra deyilir: "Əslində, milli mənsubiyyətə görə kütləvi qırğınlardan danışarkən erməni millətçilərinin uzun illər boyu azərbaycanlılara qarşı törətdikləri cinayətləri göstərmək lazımdır. Tarixdə ermənilərin azərbaycanlılara qarşı soyqırım törətdiyini sübut edən kifayət qədər dəlil vardır. Bunun üçün heç də tarixin ən uzaq dövrünə deyil, indiki nəslin gözü qarşısında baş vermiş hadisələrə diqqət yetirmək yetərlidir. Ötən əsrin 80-cı illərinin axırlarında ermənilər Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağı ələ keçirmək niyyəti ilə geniş təcavüzə başlamış və nəticədə Azərbaycanın 20 faiz ərazisini işğal etmiş, 1 milyondan yuxarı azərbaycanlı öz yaşadığı torpaqlardan qovulmuş, 20 min nəfər öldürülmüş, 100 mindən artıq azərbaycanlı yaralanmış və şikəst olmuşdur. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini işğal edərkən törətdikləri vəhşiliklər, yüzlərlə dinc sakinin, qadın, uşaq və qocaların amansızlıqla qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırımının növbəti türkürpədən səhifəsi idi". Yeni Azərbaycan Partiyası eyni zamanda müzakirə iştirakçılarını və dinləyiciləri əsil soyqırımla tarixi faktları təhrif etməklə uydurulan "soyqırım" arasındakı fərqi görməyə çağıraraq, Xocalı həqiqətlərini özündə əks etdirən foto-materialları elektron poçt vasitəsilə seminar təşkilatçılarına çatdırıb.

Xəbər lenti

Xəbər lenti