...

ADDY başçısı: Azərbaycan Dövlət Dəmir Yolu 2007-08-ci illərdə mülkiyyət formasını dəyişəcək

Siyasət Materials 23 Fevral 2007 15:42 (UTC +04:00)

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ Trend in Moskva müxbirinin Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) başçısı Arif Əsgərovla müsahibəsi

- Moskvada MDB dəmir yolu nəqliyyatı üzrə Şuranın yubiley iclasının yekunlarını Siz necə qiymətləndirirsiniz?

- MDB dəmir yolu nəqliyyatı üzrə Şura 1992-ci ilin fevralında yaradılıb. Özünün 15 illiyini qeyd edən Şuranın 45-ci iclası keçirildi. Rusiya Şuranın iclasının məhz Moskvada keçirilməsi təklifi ilə çıxış etdi, bu təklif hamı tərəfindən məmnunluqla qarşılandı.

SSRİ-nin tənəzzülündən sonra MDB ölkələrinin bir-biri ilə bağlı dəmir yolu infrastrukturlarını möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə belə bir Şura yarıdılması qərara alındı. Bu, həqiqətən vacib idi və bu gün biz qarşılıqlı fəaliyyətin səviyyəsindən razı qaldığımızı deyə bilərik.

Mən bir sıra ikitərəfli görüşlər keçirdim və "Rusiya dəmir yolları" ASC prezidenti Vladimir İvanoviç Yakuninlə məhsuldar görüşümüzü xüsusi vurğulamaq istərdim. Bugünkü qarşılıqlı münasibətləri və perspektivli istiqamətləri müzakirə etmək üçün bu görüş vacib idi. ADDY və RDY arasında ikitərəfli əməkdaşlığa dair çoxsaylı məsələlər müzakirə edildi, ən əsası üzərində artıq bir neçə ildir ki, işlədiyimiz Şimal-Cənub layihəsi müzakirə edildi.

Mart ayında Rusiya və İran dəmir yolu idarələrinin bu məsələ ilə bağlı görüşünün keçirilməsi barədə qərar qəbul edildi. Layihə ilə bağlı Azərbaycan tərəfinin təklifləri qüvvədə qalır - Qəzvin-Astara yolu ilə bağlı məsələ həll edildikdən sonra, Azərbaycan Astara şəhərindən İran Astarasına qədər çay üstündən körpünün yaradılması, eləcə də yolun tikintisi və salınması məsələlərini maliyyələşdirməyə hazırdır.

Rusiya tərəfini Bakı-Tbilisi-Qars layihəsi çox maraqlandırır. Rusiya tərəfi bu layihədə iştirak etmək istəyir, lakin RF hələ bu məsələ ilə bağlı hər hansı bir təkliflə çıxış etməyib. Hələ ki danışıqlar gedir.

- 2007-ci il üçün Azərbaycan dəmir yolu neçə yeni lokomotiv almaq niyyətindədir?

- Biz fəaliyyətimizi 2010-cü ilə qədər qəbul etdiyimiz inkişaf proqramına uyğun olaraq həyata keçiririk və lokomotiv, elektrovoz və teplovozlar alınmalı, park yenilənməlidir. Bizim qarşımıza qoyduğumuz vəzifə hər il 10 lokomotiv almaq və mövcud olanları isə təmir etməkdir. Bu, ADDY hesabına, eləcə də dövlət tərəfindən maliyyələşmə hesabına, həmçinin AYİB və Dünya Bankı kreditləri hesabına həyata keçiriləcək.

- Bu il ADDY hansı kreditləri almaq fikrindədir? Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan dəmir yolu üçün 200 mln. dollar həcmində kredit ayırması barədə bir informasiya varmı...

- Dəqiqləşdirim ki, AYİB-lə əməkdaşlıqda 200 mln. dollardan yox, 30 mln. dollardan söhbət gedir. ADDY bu məsələ ilə bağlı AYİB ilə fəal iş aparır. Kredit lokomotiv təsərrüfatının yenilənməsinə, eləcə də yol təsərrüfatı ehtiyacları üçün lazım olan bir neçə maşının alınmasına yönəldiləcək.

Lakin hələ söyləmək çətindir, kredit bu il ayrılacaq, ya yox. Amma biz bu istiqamətdə işləyirik. Qeyd edim ki, biz bu istiqamətdə əsasən iki bankla - AYİB və DB ilə işləyirik.

- Dəmir yolunun mülkiyyət formasının dəyişdirilməsi ilə bağlı məsələ nə yerdədir, yəni Səhmdar Cəmiyyətə çevrilməsi məsələsi.

- Biz bu məsələ üzərində işləyirik. Gündəlikdə yaxın vaxtlarda ADDY-in SC-yə keçməsi barədə məsələ həqiqətən var. Düşünürəm ki, bu məsələ ya bu il, ya gələn il həll ediləcək.

- 2007-ci il üçün ADDY-in yük daşımaları ilə bağlı proqnozları necədir?

- ADDY MDB çərçivəsində Qazaxıstan dəmir yolu idarəsi ilə birgə 2006-cı il daşımalarında faiz artımına görə birinci yeri bölüşür- artım 13% təşkil edib ki, bu, MDB Şurasının Moskvada keçirilən iclasında xüsusi vurğulanıb. 2005-ci ildə daşımaların həcmi 26,5 mln. ton, 2006-cı ildə isə 30 mln. tondan artıq olub.

2007-ci ildə biz 33 mln. ton daşıma planlaşdırmışıq. Tariflərə gəlincə, deyə bilərəm ki, respublika Tarif Şurası qarşısında tərəfimizdən qiymətlərin qaldırılması barədə məsələ qaldırılıb. Bu, ilin əvvlindən enerji daşıyıcılarının qiymətinin artması ilə əlaqədardır. Biz enerji daşıyıcılarından istifadə edirik, bu səbəbdən proqnozumuzu artım səviyyəsinə görə təqdim etmişik və bu məsələyə Tarif Şurası tərəfindən baxılacaq.

Xəbər lenti

Xəbər lenti