...

Səfir : " İran nüvə tədqiqatlarını dayandırmayacaq "

Siyasət Materials 23 Fevral 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ İran nüvə tədqiqatlarını dayandırmayacaq. Bu barədə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymani bildirib.

Səfir deyib ki, İran beynəlxalq qanunlara hörmətlə yanaşır və beynəlxalq müqavilələrə əsasən işlərini qurub: "İranda nüvə elektrik stansiyasının tikintisi və onun yanacaqla təmin olunması, uranın zənginləşdirilməsi də beynəlxalq qanunlara əsasən həyata keçirilir" .

Ə.Süleymani bildirib ki, hər hansı qətnamələrin qəbul edilməsi İranın nüvə proqramı ilə bağlı yaranmış problemin həlli yolu deyil.

"İran ədalətli danışıqlara hazırdır və bunu dəfələrlə bəyan edib. Danışıqları İran yox, qarşı tərəf tərk edib. Ancaq buna baxmayaraq, İran hələ də məsələnin diplomatik vasitələrlə, müzakirə yolu ilə həllinin tərəfdarıdır".

Onun fikrincə, ABŞ başda olmaqla bəzi dövlətlər dünyada baş verən proseslərə ikili standartlarla yanaşırlar. Belə ki, nəinki nüvə tədqiqatları aparan, hətta atom silahı olan ölkələrə qarşı heç bir addım atılmadığı halda, beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərən İrana qarşı sanksiyalar tətbiq olunur.  

Diplomat vurğulayıb ki, hadisələrdən sonra İrana qarşı tətbiq olunan embarqoların artması da istisna olunmur. Ancaq İran embarqolar şəraitində də böyük nailiyyətlər əldə edib. Digər tərəfdən isə İran dövlətinin bu siyasəti xalq tərəfindən müdafiə olunur.

Xəbər lenti

Xəbər lenti