...

GUAM-ın baş katibi Valeri Çeçelaşvili: GUAM beynəlxalq münasibətlər sistemində ciddi surətdə bərqərar olmaq niyyətindədir

Siyasət Materials 26 Fevral 2007 12:39 (UTC +04:00)
GUAM-ın baş katibi Valeri Çeçelaşvili: GUAM beynəlxalq münasibətlər sistemində ciddi surətdə bərqərar olmaq niyyətindədir

Azərbaycan, Bakı / Trend müxbir E .Hüseynov/

Trend in Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın baş katibi Valeri Çeçelaşvili ilə eksklüziv müsahibəsi

- Rəsmi Tiflisin GUAM-ın gələcək inkişaf istiqamətlərinə dair hansı proqnozları var? Gürcüstan hansı əlavə təşəbbüslərlə çıxış edə bilər?

- Məlum olduğu kimi, 2006-cı ilin may ayında GUAM-a üzv olan dövlətlərin prezidentlərinin birgə qərarı əsasında yeni regional beynəlxalq "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat -GUAM" yaradılıb. Əsasən son il ərzində görülən fəal işlər nəticəsində GUAM-ın formatında əməkdaşlığın prioritet istiqamətləri müəyyən olunub. Bunlara aşağıdakılar aiddir: 1. Təşkilat çərçivəsində işlənib hazırlanmış birgə layihələrin reallaşdırılması və ticari-iqtisadi əməkdaşlığın sonrakı dərinləşdirilməsi (Ticarətə və Nəqlə Yardım layihələri; GUAM-ın sərbəst ticarət zonaları; Virtual Mərkəz və Dövlətlərarası İnformasiya -Analitik Sistemin yaradılması);

2. Energetika və enerji təhlükəsizliyi məsələlərində əməkdaşlıq (bu istiqamət 2006-cı ildən fəallaşdırılırdı və GUAM-ın ayrı-ayrı dövlətlərinin və bütövlükdə Avropanın enerji daşıyıcıları ilə təmin olunması planında yaranmış problemləri nəzərə alaraq, xüsusi məna qazanıb). Yaxın gələcəkdə bu istiqamətdə əməkdaşlığın fəallaşacağına və alternativ marşrutlarla, GUAM regionunun tranzit imkanlarından maksimal surətdə istifadə etməklə, Mərkəzi Asiya və Xəzər bölgəsindən enerji daşıyıcılarının Avropaya tədarükü üzrə konkret birgə layihələrin hazırlanacağına ümid edirik;

3. GUAM bölgəsində mövcud münaqişələrin sülh yolu ilə həllinə yardım məqsədilə beynəlxalq ictimaiyyətin dəstəyinin birləşməsi (GUAM adından uzanmış münaqişələr haqqında məsələnin BMT Baş Assambleyasının 61-ci sessiyasının Gündəliyinə daxil edilməsi və müvafiq qətnamənin qəbul olunması, müxtəlif beynəlxalq təşkilat və forumlar çərçivəsində GUAM-ın mütəmadi bəyanatları şəklində vahid mövqenin və qarşılıqlı dəstəyin ifadə olunması);

4. GUAM bölgəsində demokratik proseslərin yayılmasına və inkişafına yardım, bu məqsədlə üzv-dövlətlərin sistematik dəstəyinin və qarşılıqlı yardımının təsbit olunması (müxtəlif səviyyəli beynəlxalq layihələrin reallaşdırılması və məqsədli forumların təşkili); 5. Hərbi-siyasi sahədə əməkdaşlıq (bu mərhələdə GUAM dövlətlərinin birgə sülhməramlı hərbi və mülki-siyasi strukturunun yaradılması haqqında müqavilə layihəsi hazırlıq prosesindədir. Bu müqavilə imzalandıqdan sonra GUAM -ın birgə hərbi və polis qüvvələrinin müvafiq təcrübə əldə etməsi məqsədilə onların beynəlxalq təşkilatların himayəsi altından keçirilən humanitar və sülhməramlı əməliyyatlarda iştirak etməsi mümkün olacaq);

6. Cari il ərzində həmçinin yeni GUAM təşkilatının institusional quruculuğunun tamamlanması və onun tammiqyaslı şəkildə işə salınması məsələsi GUAM-ın fəaliyyətində prioritet istiqamət olaraq qalır (GUAM Nizamnaməsinin bütün üzv-dövlətlər tərəfindən təsdiq olunması prosesinin vaxtında tamamlanması, qısa müddətdə katibliyin komplektləşdirilməsi və işə salınması, Təşkilatın beynəlxalq nüfuz və etibarının möhkəmlənməsi, başqa dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı).

Bu mərhələdə, təşkilatın institusionalizasiyası prosesinin tamamlandığı dövrdə Gürcüstan həm təşkilatın ölkələrində, həm də GUAM strukturlarının formatında qarşılıqlı əlaqənin koordinasiyasının kontekstində əməkdaşlığın effektiv sisteminin formalaşmasını xüsusilə vacib sayır. Bundan başqa, GUAM ölkələrinin diplomatik missiyaları arasında əməkdaşlığın sistemli xarakterinin təmin olunması, onların fəaliyyət təcrübəsində mütəmadi görüşlərin təşkil olunmasının, informasiya mübadiləsinin, birgə müraciətlərin, bəyanatların hazırlanmasının tətbiq edilməsi və s. məsələlər də mühümdür.

- GUAM ölkələrinin öz qüvvələrinin Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki sülhməramlı əməliyyatlarda tətbiq olunması nə dərəcədə realdır? Nyu-Yorkda qəbul olunmuş konkret fəaliyyət planı GUAM ölkələrinin ərazilərində uzunsürən münaqişələrin sülh yolu ilə nizama salınması məsələlərində beynəlxalq dəstəyin genişləndirilməsi məqsədilə hansı tədbirlərin görülməsini nəzərdə tutur?

- Məsələnin GUAM-ın birgə hərbi və polis qüvvələrinin guya müstəsna olaraq GUAM məkanında münaqişəli zonalarda aparılan sülhməramlı əməliyyatlarda iştirakı məqsədilə yaradılması formasında qoyulması düzgün olmazdı. Artıq qeyd olunduğu kimi, GUAM-ın birgə hərbi və siyasi bölmələrinin yaradılmasının əsas məqsədi onun lazımi təcrübə əldə etməsi məqsədilə beynəlxalq humanitar və sülhməramlı əməliyyatlarda iştirakı və GUAM kontingentinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bununla yanaşı, əgər mövcud münaqişəli zonalarda tammiqyaslı beynəlxalq sülhməramlı əməliyyatlar həyata keçirilsə və müvafiq beynəlxalq təşkilat GUAM-ın birgə qüvvələrinin orada iştirakı üçün mandat təqdim etsə, GUAM dövlətləri buna hazır olacaq.

25 sentyabr 2006-cı il tarixində Nyu-York şəhərində qəbul olunmuş konkret fəaliyyət planında münaqişələrin sülh yolu ilə nizama salınması proseslərinin daha effektiv irəliləməsi məqsədilə əsasən müxtəlif səviyyələrdə fəal siyasi məsləhətləşmələrin aparılması nəzərdə tutulub.

- GUAM katibliyinin fəaliyyəti necə qurulacaq? Prioritetlər hansılardır?

- GUAM katibliyinin fəaliyyəti GUAM XİNŞ tərəfindən Kiyev və Nyu-Yorkda imzalanmış katiblik və onun heyəti haqqında əsasnamələrə uyğun həyata keçiriləcək. Artıq katibliyin beynəlxalq heyəti tamamlanıb və birinci baş katib seçilib. Birinci məqsəd katibliyin GUAM-ın struktur vahidi kimi vaxtında işə başlamasıdır. Ümid edirik ki, Katiblik GUAM çərçivəsində əməkdaşlığın dərinləşməsinə və effektiv koordinasiyasına yardım edəcək.

Katibliyin fəaliyyətinin başlıca prioritetləri GUAM çərçivəsində əməkdaşlığın yuxarıda göstərilən prioritet istiqamətlərindən irəli gəlir.

- Siz GUAM ölkələrinin ərazisində silahlı münaqişələr haqqında məsələnin BMT Baş Assambleyasının 61-ci sessiyasının müzakirəsinə çıxarılmasını necə qiymətləndirirsiniz?

- Bizim fikrimizcə, bu məsəlinin BMT Baş Assambleyasının 61-ci sessiyasında qoyulması yalnız GUAM dövlətləri üçün deyil, həm də bütün dünya ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bir tərəfdən bu məsələnin aktuallaşdırılması baş verir, digər tərəfdən isə mövcud dövlətlərin ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri çərçivəsində münaqişələrin beynəlxalq standartlara uyğun sülh yolu ilə nizamlanmasının zəruriliyi vurğulanır, bu isə hazırda çox aktualdır.

Bizim fikrimizcə, GUAM-ın təşəbbüsü ilə bu qətnaməni milli azlıqların qanuni maraqlarını nəzərə alaraq, münaqişələri sülh və ədalətlə nizama salmağa çalışan bütün dövlətlər qeyd-şərtsiz dəstəkləməlidirlər.

Rusiyanın reaksiyasına gəlincə, bizə elə gəlir ki, qətnamənin mətni beynəlxalq hüququn prinsip və normalarına tam uyğundur və onun maraqlarına zidd deyil. Biz ciddi sübutlar eşitmək istərdik, əgər varsa; GUAM-ın mövqeyi birdir və biz məsləhətləşmələrə hazırıq.

- GUAM ölkələrinin nümayəndələri təşkilatın NATO və ATƏT ilə əməkdaşlığı dərinləşdirmək istədiyini bildiriblər. Belə tərəfdaşlıq təhlükəsizlik, sabitlik, demokratiyanın dəstəklənməsi işinə nə fayda verə bilər?

- GUAM dövlətlərinin NATO və ATƏT ilə əməkdaşlıq etmək istəmələri tam təbii haldır. GUAM yalnız həm BMT, həm də yuxarıda adları çəkilən təşkilatlarla fəal əməkdaşlıq etdiyi zaman tam regional təşkilat kimi bərqərar ola bilər. Onların rolu, nüfuzu və təcrübəsini diqqətə alaraq, GUAM beynəlxalq münasibətlər sistemində, əsasən böyük Avropada onların yeni konfiqurasiyasının formalaşması kontekstində ciddi şəkildə bərqərar olmaq niyyətindədir. Bu, təkəbbürlü vəzifədir və aralarında Avropa Şurasını da qeyd etmək istədiyim Ümumavropa təşkilatları ilə əməkdaşlıq etmədən onun reallaşdırılmasını təsəvvür etmək çox çətindir.

- GUAM-ın növbəti Sammitinin təşkili üçün hansı işlər görülür?

- Məlum olduğu kimi, GUAM-ın növbəti sammitinin Bakıda keçirilməsi nəzərdə tutulub və təşkilati işlərlə əsasən Azərbaycan tərəfi məşğuldur. GUAM-ın qalan dövlətləri, imkan daxilində, Sammitin lazımi səviyyədə keçirilməsi üçün ona yardım göstərirlər. Bu məqsədlə, mart ayında Kiyev şəhərində GUAM-ın Ekspertlər qrupunun və Milli koordinatorlar şurasının müşavirələri keçiriləcək və orada, başqaları ilə yanaşı, sammitin hazırlanması ilə bağlı konkret məsələlərə də baxılacaq.

Xəbər lenti

Xəbər lenti