...

NATO Əfqanıstanda sülhməramlı əməliyyatların aparılmasında Gürcüstanın yardımına ümid edir

Siyasət Materials 28 Fevral 2007 12:11 (UTC +04:00)
NATO Əfqanıstanda sülhməramlı əməliyyatların aparılmasında Gürcüstanın yardımına ümid edir

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ NATO xüsusən Əfqanıstanda sülhməramlı əməliyyatların aparılmasında Gürcüstanın yardımına ümid edir. Bu barədə bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşdən sonra birgə mətbuat konfransında NATO baş katibi Yaap de Xoop Sxeffer bildirib.

Onun sözlərinə görə, bu məsələ bu gün Gürcüstan pezidentiylə görüşdə müzakirə edilib. Sxeffer bildirib ki, tərəflər regionda vəziyyəti, regionda təhlükəsizliyin təmin edilməsində Gürcüstanın rolunu, eləcə də Gürcüstanın iqtisadi artımını müzakirə ediblər.

Sxeffer qeyd edib: "NATO və Gürcüstan getdikcə daha da intensivləşən intensiv dialoq səviyyəsindədirlər və Gürcüstian bilir ki, alyans Gürcüstanın NATO-ya doğru səylərini tam şəkildə dəstəkləyir, bu barədə Riqada keçirilən sammitdə də deyilib". NATO baş katibi bildirib ki, Gürcüstan NATO istiqamətində doğru yolla irəliləyir. Baxmayaraq ki, bu yol uzundur və çox vaxt tələb edir, bu yolun sonu alyansa qəbul olunmaqdır.

NATO baş katibi bildirib ki, tərəflər Gürcüstanda münaqişələrin tənzimlənməsi məsələsini müzakirə ediblər. Baş katib qeyd edib: "Biz münaqişələrin dinc yolla həlli barədə fikrimizi aydın ifadə etmişik və bu, Gürcüstanda münaqişələrin tənzimlənməsində əsas mahiyyətdir".

Gürcüstan prezidenti Əfqanıstanda sülhün qorunması naminə qüvvələrin yönəldilməsinə hazır olduğunu bildirib. Prezident bildirib: "Bizim Kosovo və İraqla bağlı yaxşı əməkdaşlıq təcrübəmiz var, lakin biz daha çox işlər görmək istəyirik, ona görə Əfqanıstana sülhməramlıların məhdud bir heyətini göndərəcəyik".

Mixail Saakaşvili bildirib ki, Gürcüstan NATO-ya doğru cəhd edir və NATO baş katibinin bu istiqamətdə Gürcüstanın səylərini "müsbət qiymətləndirməsi"ndən məmnundur. Prezident qeyd edib: "Lakin biz bununla kifayətlənmək istəmirik, NATO ilə bağlı münasibətlərdə biz daha da irəli getmək istəyirik və NATO-ya doğru səylərimizi davam etdirə-etdirə daha da inkişaf etmək istəyirik. Gürcüstan region ölkələri üçün nümunə olmalıdır, mən dialoqdan məmnun qaldım və deyə bilərəm ki, biz danışıqların son mərhələsindəyik, ümidlə Brüsseli tərk edirik".

Xəbər lenti

Xəbər lenti