...

YAP rəsmisi Mübariz Qurbanlı: "Əli İnsanov müxalifətə keçdiyini bəyan etməklə ona qarşı irəli sürülən ittihamlardan ictimaiyyətin diqqətini yayındırmaq istəyir"

Siyasət Materials 28 Fevral 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Əli İnsanov müxalifətə keçdiyini bəyan etməklə ona qarşı irəli sürülən ittihamlardan ictimaiyyətin diqqətini yayındırmaq istəyir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı sabiq səhiyyə naziri Əli İnsanovun müxalifətə keçməsi ilə bağlı məhkəmədə səsləndirdiyi bəyanatı şərh edərkən vurğulayıb ki, keçmiş nazir məhkəmə prosesini başqa müstəviyə keçirmək istəyir.

"Əli İnsanov müəyyən əməlləri ilə bu hakimiyyətə zərbə vurub. Hesab edirəm ki, cəmiyyət Əli İnsanovun bu cür çıxışlarına adekvat münasibət bildirəcək və belə bəyanatların heç bir əhəmiyyəti olmayacaq", -deyə YAP rəsmisi qeyd edib.

M.Qurbanlının fikrincə, prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, indiki hakimiyyət və Yeni Azərbaycan Partiyası xalq tərəfindən dəstəklənir. O bildirib ki, xalqın böyük dəstəyini hiss edən prezident İlham Əliyev ölkədə siyasi quruculuq və islahatlar prosesini sürətlə həyata keçirir, əhalinin maddi rifahı günü-gündən yaxşılaşır, ölkəmizin mövqeyi möhkəmlənir və Azərbaycan bölgənin lider dövlətinə çevrilib: "Belə bir vəziyyətdə kiminsə müxalifətə keçməsi və ya iddialarla çıxış etməsi cəmiyyətdə o qədər də əks-səda doğura bilməz".

Hakimiyyətin müxalifət axtarması haqda sabiq nazirin dediklərinə gəlincə, YAP rəsmisi bildirib ki, iqtidar müxalifət axtarmaqla deyil, ölkədə quruculuq işləri həyata keçirməklə məşğuldur.

M.Qurbanlı deyib ki, indiki hakimiyyətin siyasətindən narazı olan müxalifət həm parlamentdə, həm də ondan kənarda mövcuddur: "Lakin müxalifət həm ideloji, həm də siyasi cəhətdən çox zəifdir. Çünki xalq müxalifətin çağırışlarına, yalanlarına inanmır. Əli İnsanov hesab edirsə ki, xalq onun dediklərinə inanacaq və arxasınca gedəcək çox böyük bir ilğıma dücar olub. İnanmıram ki, Əli İnsanov belə açıqlamalarla ictimai rəyi başqa istiqamətə yönəldə bilsin".

Həbs olunmamışdan yeddi ay əvvəl YAP-dan istefa verməklə bağlı prezident İlham Əliyevə və partiya rəhbərliyinə müraciət etməsi haqqında eks-nazirin dediklərinə gəlincə, M.Qurbanlı bunun təkzib edib.

YAP rəsmisi bildirib ki, Ə.İnsanovun dediyi tarix təxminən 2005-ci ilin mart ayına təsadüf edir.

"Həmin tarixdə YAP-ın qurultayı keçirilib. Əli İnsanov həmin qurultayda iştirak edib. Əgər Əli İnsanov orada partiyadan istefa vermək istədiyini desəydi, biz bunun qarşısını almayacaqdıq. Mən belə bir müraciətin şahidi olmamışam. Əli İnsanov nəinki YAP-dan istefa vermək istəməyib, həmişə İdarə Heyətinin toplantılarında monalit birlikdən, partiyanın gələcəyindən və təşkilata sədaqətindən danışıb", -deyə millət vəkili bildirib.

M.Qurbanlı vurğulayıb ki, Ə.İnsanov heç vaxt YAP İdarə Heyətində sərt çıxışlar etməyib. İdarə Heyəti üzvlərinin sağ olduğunu və iclasların protokollarının saxlanıldığını bildirən M.Qurbanlı deyib ki, bunu sübut etmək çətin deyil: "Sabiq nazir heç vaxt deməyib ki, hakimiyyətin həyata keçirdiyi siyasət qızıla bükülmüş lax yumurtadır".

Xəbər lenti

Xəbər lenti