...

Sərdar Cəlaloğlu: "Təəssüflənirəm ki, "Azadlıq" blokunun həmsədrləri müttəfiqliyə yaraşmayan davranış göstərdi və blokun dağılmasına zəmin yaratdılar"

Siyasət Materials 6 Mart 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" blokunun həmsədrləri ADP-ni blokdan xaric etməklə müttəfiqliyə yaraşmayan hərəkət etdilər və bununla yalnız özlərinə ziyan vurdular. Bu fikirləri ADP-nin 9-cu qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu bildirib.

O qeyd edib ki, bu gün "Azadlıq" blokunun Sədrlər Şurasının toplantısında iştirak edib və həmsədrlər ona ADP-nin siyasi kursundan narazılıqlarını bildiriblər. S.Cəlaloğlu isə qeyd edib ki, hakimiyyətlə siyasi dialoq qurulması qərarını ADP-nin Ali Məclisi qəbul edib və hazırda Məclis buraxıldığı üçün bu məsələyə yalnız qurultayda yenidən baxıla bilər. S.Cəlaloğlu iclası tərk edəndən sonra digər üç həmsədr ADP-nin blokdan xaric edilməsi barədə qərar qəbul ediblər.

"Mən çox təəssuflənirəm ki, blokdakı həmsədrlər müttəfiqliyə uyğun olmayan davranış göstərdilər, müxalifətin güc mərkəzi kimi formalaşmış "Azadlıq" blokunu zəiflədirlər. Çünki ADP-nin xaric olunması blokun müəyyən qədər gücünü itirməsi deməkdir. Bu qərar blokun dağılması üçün zəmin yaradacaq. Mən iclasda da bildirdim ki, ADP ilə bağlı belə qərar ilk dəfə deyil və vaxtilə bizi Demkonqresdən də çıxardılar, sonra həmin qurum dağıldı. İndi də ADP öz düzgün siyasi kursunu sübuta yetirəcək, lakin müxalifətin ümumi güc mərkəzi belə emosional vəziyyətdə çıxarılmış qərar nəticəsində dağılacaq"-deyə S.Cəlaloğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti