...

Azərbaycan prezidenti Türkiyənin Quru Qoşunları komandanını qəbul edib

Siyasət Materials 6 Mart 2007 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Türkiyənin Quru Qoşunları komandanı İlker Başbuğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan-Türkiyə münasibətlərinin çox sürətlə inkişaf etdiyini, iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın uğurla həyata keçirildiyini, əlaqələrimizin daha da gücləndiriləcəyinə əminliyini bildirib. O, ölkələrimizin mühüm beynəlxalq layihələrin həyata keçirilməsində birgə iştirak etdiyini və Azərbaycan-Türkiyə əməkdaşlığının region üçün böyük əhəmiyyəti olduğunu qeyd edib.

İlker Başbuğ Türkiyənin Prezidenti Əhməd Necdət Sezərin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb. Ölkəmizə ikinci dəfə səfər etdiyini bildirən qonaq deyib ki, bu səfərində məqsəd Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən işlərlə tanış olmaq, iki ölkənin silahlı qüvvələri arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Prezident İlham Əliyev Türkiyənin Prezidenti Əhməd Necdət Sezərin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti