...

Politoloq: "Türkiyə generallarının Azərbaycana səfərləri NATO-nun genişlənməsi və İran məsələsi ilə bağlıdır"

Siyasət Materials 7 Mart 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Türkiyənin hərbi rəhbərliyinə daxil olan generalların Azərbaycana tez-tez səfər etmələri NATO-nun genişləndirilməsi və İran məsələsi ilə bağlıdır. Politoloq Rasim Musabəyov Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyinə daxil olan generalların bir-birinin ardınca ölkəmizə səfərə gəlmələrini şərh edərkən bildirib ki, NATO-nun genişləndirilməsi gündəmdədir və bu məsələ ilə bağlı Azərbaycanın öz mövqeyini müəyyənləşdirməsi vacibdir.

"Gürcüstan bəyan edib ki, NATO-ya daxil olmaq istəyir. Azərbaycan da bu məsələ ilə bağlı öz mövqeyini müəyyənləşdirməlidir ki, NATO-ya üzv olmaq istəyir, ya yox", -deyə R.Musabəyov bildirib.

Onun fikrincə, NATO Cənubi Qafqaza doğru genişlənməyi zəruri hesab edirsə, bu, yalnız Gürcüstanla məhdudlaşmamalıdır. Belə bir genişlənmə Cənubi Qafqazın bütün ölkələrini, ən pis halda isə Azərbaycan və Gürcüstanı əhatə etməlidir.

Politoloq deyib ki, rəsmi Bakı NATO-ya üzv olmaq məsələsində tərəddüd edir: "Bu məsələdə Azərbaycana məsləhət və hərtərəfli dəstək verən ölkə Türkiyədir. Ona görə də Türkiyə təmsilçilərinin ölkəmizə səfərləri daha çox bu məsələ ilə bağlıdır."

R.Musabəyov qeyd edib ki, bu səfərlər zamanı müzakirə olunan ikinci bir məsələ İranla əlaqədardır. Onun qənaətinə görə, İranla bağlı vəziyyət gərginləşib və məsələnin hərbi müstəviyə keçməsi ehtimalı artıb: "Bu isə o deməkdir ki, Azərbaycan üçün risklər və təhlükələr var. Belə olan halda rəsmi Bakının özünün ən yaxın müttəfiqinin məsləhətinə ehtiyacı var. ABŞ-ın istəyinə "hə", "yox" cavabı vermək məsələsində məsləhətə ehtiyac var. Rəsmi Bakı "hə" desə, bunun nəticələri nə ola bilər, İran tərəfindən əks addımlar atılarsa, Azərbaycana kim yardım edə bilər və sair. Əgər İran tərəfindən Azərbaycana qarşı hər hansı addım atılarsa, ölkəmizə yardım əlini uzatmağa qadir olan yeganə dövlət Türkiyədir. Bütün bu məsələləri hərbi rəhbərliklə müzakirə etməyə və hansısa bir təminatı onların öz dillərindən eşitməyə ehtiyac var."

Sabah Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya gələcəyini vurğulayan politoloq qeyd edib ki, bundan sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a səfər edəcək. Onun fikrincə, bu səfər zamanı NATO-nun genişlənməsi və İranla bağlı məsələlər Azərbaycan qarşısında qaldırıla bilər ki, mövqeyinizi müəyyənləşdirin.

"Azərbaycan bu çətin vəziyyətdə Türkiyənin mövqeyinə yaxın, Ankara ilə razılaşdırılmış və Türkiyə amilini nəzərə alaraq qərar versə, mövcud olan riskləri bir o qədər aşağı salacaq", -deyə R.Musabəyov qeyd edib. "Azərbaycan bu çətin vəziyyətdə Türkiyənin mövqeyinə yaxın, Ankara ilə razılaşdırılmış və Türkiyə amilini nəzərə alaraq qərar versə, mövcud olan riskləri bir o qədər aşağı salacaq", -deyə R.Musabəyov qeyd edib.

Xəbər lenti

Xəbər lenti