...

Vitse-spiker İsveçin Azərbaycandakı səfiri ilə görüşüb

Siyasət Materials 10 Mart 2007 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclis sədrinin müavini Valeh Ələsgərov İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hans Qunnar Adeni ilə görüşüb. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə vitse-spiker qonağı Azərbaycana səfir təyin olunması münasibəti ilə təbrik edərək bildirib ki, səfirlik fəaliyyəti dövründə cənab Hans Qunnar İsveç-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə öz dəyərli töhfəsini verəcək. Qeyd edildi ki, müstəqil Azərbaycan dünya dövlətləri, o cümlədən Skandinaviyada özünəməxsus yer tutan İsveçlə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.

Söhbətdə Azərbaycan-İsveç əlaqələrinin tarixinə toxunan vitse-spiker Nobel qardaşlarının vaxtilə ölkəmizdə göstərdiyi fəaliyyətdən də danışıb. Bildirilib ki, Azərbaycan tərəfi İsveçlə əməkdaşlığın inkişaf perspektivlərinin uğuruna qəlbən inanır.

Görüşdə bildirilib ki, ölkələrimiz arasında iqtisadi, ticarət, ekologiya və humanitar sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Azərbaycanda neft-qaz sənayesi ilə yanaşı, iqtisadiyyatın digər  sahələrinə də sərmayə qoyuluşu üçün yaxşı şərait yaradılıb.

Qonaq İsveç-Azərbaycan münasibətlərinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Qeyd edib ki, onun ölkəsi Qafqazın bu bölgəsi, xüsusən Azərbaycanla əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Səfir Azərbaycanda gördüklərindən məmnun olduğunu bildirərək gələcək fəaliyyəti barədə öz fikirlərini açıqlayıb.

Söhbətdə energetika və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq, parlamentlərarası əlaqələrin genişləndirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti