...

Milli Məclisin sədri: "Azərbaycan BMT ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir"

Siyasət Materials 12 Mart 2007 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Martın 12-də Milli Məclisin sədri Oqtay Əsədov  BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Bruno Puezanı qəbul edərkən belə deyib.

O.Əsədov Bruno Puezanı Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək onun BMT ilə ölkəmiz arasındakı əməkdaşlığın daha da genişləndirilməsinə öz layiqli töhfəsini verəcəyinə inamını vurğulayıb.

Milli Məclisin sədri deyib ki, Azərbaycan BMT və onun bir sıra ixtisaslaşdırılmış qurumları ilə sıx əməkdaşlıq edir. Bunların arasında BMT-nin İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarı, Uşaq Fondu,  Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlar var: "Biz təşkilatın ərazilərin minalardan təmizlənməsi, yoxsulluğun azaldılması istiqamətində həyata keçirdiyi proqramları və gördüyü işləri yüksək dəyərləndiririk."

Spiker daha sonra bildirib ki, bu gün ölkəmiz dinamik inkişaf etməkdədir. Ancaq Dağlıq Qarabağ münaqişəsi bölgədə təhlükəsizliyə böyük maneə törədir. İşğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinə bu gün də məhəl qoymur.

Bruno Puezan Azərbaycanda gördüyü inkişafdan məmnun qaldığını vurğulayıb. O, qeyd edib ki, Azərbaycan digər dünya dövlətlərinin qibtə edəcəyi bir sürətlə inkişaf etməkdədir. O, yeni vəzifədə təmsil etdiyi təşkilatla ölkəmiz arasında əlaqələrin daha da genişlənməsində səylərini əsirgəməyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti