...

AXCP təmsilçisi: "Azadlıq" bloku dağılmır

Siyasət Materials 14 Mart 2007 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Müsavat Partiyasının özünü "Azadlıq" blokuyla əlaqələndirməsini uğursuz cəhd kimi qiymətləndirir. Bu barədə "Azadlıq" blokunda təmsil olunan AXCP-nin sədr müavini Nurəddin Məmmədli açıqlama verib.

O bildirib ki, son günlər Müsavat Partiyası və ona yaxın olan mətbuat orqanlarında "Azadlıq" blokunun dağılması barədə yalan məlumatlar yayılır. Xüsusilə bildirilir ki, "Azadlıq" blokunun təsisçisi olan dörd partiyadan ikisi -Müsavat və ADP blokdan kənardadırsa, onda bu qurumun fəaliyyətindən danışmaq olmaz. AXCP funksioneri isə qeyd edib ki, hazırda üç təsisçi partiya blokda fəaliyyətini davam etdirirsə, iflasdan, dağılmadan söhbət gedə bilməz: "Sadəcə olaraq belə şərhlərlə müsavatçılar bilərəkdən ictimayyəti çaşdırmaq yolunu seçiblər. Bu gün mövcud olan "Azadlıq" siyasi blokunun Müsavat Partiyasına heç bir aidiyyatı yoxdur. Çünki Müsavatın vaxtilə daxil olduğu "Azadlıq" bloku seçki bloku idi və seçkilərdən dərhal sonra missiyasını başa vurub. Bu günkü "Azadlıq" siyasi bloku isə dörd siyasi partiya - AXCP, ALP, ADP və VİP tərəfindən təsis olunub. Müsavatın özünü "Azadlıq" blokuyla əlaqələndirməsi sonu əvvəlcədən görünən uğursuzluqdur".

Müsavat funksioneri Arif Hacılı isə bildirib ki, "Azadlıq" blokundan gələn ittihamlar birtərəfli olacaq və onlara cavab vermək niyyətində deyil.

Xəbər lenti

Xəbər lenti