...

Mübariz Qurbanlı: "Sirus Təbrizlinin fikirləri siyasi ambisiyaların nəticəsidir"

Siyasət Materials 16 Mart 2007 20:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Sirus Təbrizlinin fikirləri qərəzlidir və siyasi ambisiyaların nəticəsidir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, Sirus Təbrizlinin səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur.

"Mən Sirus Təbrizlinin mövqeyini pisləyirəm", -deyə YAP rəsmisi əlavə edib.

S.Təbrizlinin hazırda məhkəməsi gedən sabiq səhiyyə naziri Əli İnsanovu müdafiə etməsinə gəlincə, M.Qurbanlı bildirib ki, sabiq nazir korrupsiyada ittiham olunur: "Əli İnsanovun korrupsiya ilə əlaqədar cinayətlərini ört-basdır etmək dolayısı ilə korrupsiyanın müdafiəsi kimi qiymətləndirilə bilər. Biz korrupsiyanın əleyhinəyiksə, bu işlə məşğul olanların fəaliyyətini pisləməliyik, buna qarşı çıxmalıyıq. Əgər Sirus Təbrizli Əli İnsanovu müdafiə edirsə, korrupsiyanı müdafiə edir."

M.Qurbanlı əlavə edib ki, Siruz Təbrizlinin imkanları ilə iddiaları üst-üstə düşmür.

YAP sədrinin müavini olan S.Təbrizli martın 15-də partiyanın icra katibi Əli Əhmədovu, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevi bir sıra məsələlərdə ittiham edib. YAP sədrinin müavini hazırda məhkəməsi gedən sabiq səhiyyə naziri Əli İnsanovu müdafiə edib.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti