...

Millət vəkili: QHT-lər dövlət tərəfindən maliyyələşdirilməlidir

Siyasət Materials 28 Mart 2007 16:17 (UTC +04:00)
Millət vəkili: QHT-lər dövlət tərəfindən maliyyələşdirilməlidir

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Qeyri-Hökumət Təşkilatlarının (QHT) dövlət tərəfindən maliyyələşdirilməsinə böyük ehtiyac var. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri, millət vəkili Rəbiyyət Aslanova bildirib ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lər arasında böyük intellektual imkanları, təşkilatçılıq qabiliyyəti və ölkənin inkişafı üçün öz imkanlarını ortaya qoyan QHT-lər var.

"Lakin maliyyə problemlərinə görə, onlar cəmiyyət üçün vacib olan sosial proqramlarını həyata keçirə bilmirlər. Ona görə, QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi vacibdir", -deyə komissiya sədri əlavə edib.

Onun fikrincə, artıq ölkədə bunun həyata keçirilməsi üçün imkanlar var.

R.Aslanova deyib ki, Azərbaycanda böyük sahibkarlar zümrəsi formalaşıb. Həmin sahibkarların və dövlətin ayırdığı maliyyə hesabına yaradılacaq qurum sosial proqramların həyata keçirilməsində QHT-lərə yardımçı ola bilər.

"Ancaq o QHT-lərə maliyyə yardımı ayrıla bilər ki, onlar bundan sui-istifadə etməsinlər. Yəni maliyyə yardımı ayrılacaq QHT-lərin cəmiyyət tərəfindən tanınması, onların insanlar arasında nüfuzunun olması vacibdir. Əks təqdirdə bu gün sayı 2000-dən artıq olan QHT-lərin sayı 4-5-minə çatacaq", -deyə R.Aslanova vurğulayıb.

Onun fikrincə, dünyanın bir sıra ölkələrində QHT-lərə dövlət tərəfindən maliyyə yardımının ayrılması təcrübəsi var. Dünyanın müxtəlif fondları QHT-lərin fəaliyyətini, keçdiyi yolu və etibarlılıq dərəcəsini yoxlayaraq onlara maliyyə yardımı ayırırlar.

Xəbər lenti

Xəbər lenti