...

Yeni həbsxananın tikintisi üçün tender elan olunacaq

Siyasət Materials 29 Mart 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Tikintisi planlaşdırılan qapalı həbsxananın layihə-smeta sənədləri hazır olandan sonra həbsxananın tikintisi üçün tender elan olunacaq. Bu barədə Trend ə eksklüziv açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib. Ələkbərov bildirib ki, yeni həbsxananın tikintisi üçün Umbaku qəsəbəsində torpaq sahəsi ayrılıb. Layihə-smeta sənədlərinin hazırlanması və ilkin tikinti işləri üçün dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb.

Nazir müavini həbsxananın tikiləcəyi ərazinin məhkumların səhhətində ciddi problemlər yaradacağı, onların yolxucu xəstəliklərə tutulacağı barədə yayılan söz-söhbətlərin heç bir əsası olmadığını vurğulayıb. Qeyd edib ki, həbsxananın tikiləcəyi ərazi ilə cüzam xəstələrinin saxlandığı müalicə müəssisəsi arasında 15-20 kilometr məsafə var. Həbsxana üçün ayrılmış ərazinin yaxınlığında əhali üçün torpaq sahələri ayrılıb və həmin ərazidə əhali məskunlaşıb.

Qeyd edək ki, Qobustan Qapalı Həbsxanası Qobustan Qoruğunda yerləşdiyindən YUNESCO-nun təklifi ilə köçürüləcək. Yeni inşa olunacaq həbsxana Avropa standartlarına cavab verəcək.

Həbsxanada ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar üçün xüsusi korpusun tikiləcəyi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti