...

Gültəkin Hacıyeva: "AŞPA-nın yaz sessiyasında Azərbaycanın öhdəliklərinin müzakirəsi normal keçəcək"

Siyasət Materials 29 Mart 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsində Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyətinə dair məruzənin müzakirəsi konsturuktiv şəkildə keçdi. Bu barədə məlumat verən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini, millət vəkili Gültəkin Hacıyeva bildirib ki, Monitorinq Komitəsi öhdəliklərin icra vəziyyətinə kifayət qədər obyektiv qiymət verib.

"Çıxış edənlərin əksəriyyəti Azərbaycanın öz öhdəliklərini yerinə yetirilməsi vəziyyətini müsbət qiymətləndirdilər. Xüsusən də son qətnamənin qəbulundan keçən müddət ərzində görülən işlər yüksək qiymətləndirildi və inkişaf dinamikası qeyd olundu. Bu baxımdan demək olar müzakirələr çox normal, əməkdaşlıq şəraitində və bu günə qədər olan müzakirələrdən daha konsturuktiv şəkildə aparıldı", -deyə Gültəkin Hacıyeva əlavə edib.

O, həmməruzəçilərin öhdəliklərin icra vəziyyətinə dair məruzəsini də yüksək qiymətləndirib. Millət vəkili vurğulayıb ki, sənəddə bir sıra tənqidi məqamlar da əks olunub: "Bu da normal haldır. Çünki monitorinq altında olan ölkələrlə bağlı məruzədə müəyyən tənqidi məqamlar mütləq olur. Əks təqdirdə monitorinq prosesi sona çatmalı idi. Ona görə də həmməruzəçilərin proseslərə yanaşması kifayət qədər normaldır. Onlar müsbət məqamları qeyd etməklə yanaşı, müəyyən tənqidə də yer ayrıblar."

G.Hacıyeva deyib ki, həmməruzəçilər əsasən söz və sərbəst toplaşmaq azadlığının təmin olunması sahəsində mövcud olan problemləri tənqid ediblər. Onun sözlərinə görə, məruzədə qeyd olunub ki, bu sahədə yaranmış problemlər həll olunmaq üzrədir: "Orada deyilir ki, ən çox narahatlıq doğuran məqam ANS televiziyası ətrafında yaranmış problemdir ki, bu da həll olunmaq üzrədir. Eyni zamanda sərbəst toplpşmaq azadlığının təmin olunması sahəsində də müəyyən addımlar atılıb. Məruzədə qeyd olunub ki, son dövrlər müxalifət partiyaları bir neçə aksiya keçiriblər. Həmməruzəçilər tənqidi məqamlarla yanaşı, son zamanlar bu sahələrdə atılan müsbət addımları da qeyd ediblər."

G.Hacıyeva bildirib ki, məruzədə əks olunan məsələlərdən biri də 2008-ci il prezident seçkilərinin maksimum Avropa standartlarına uyğun şəkildə keçirilməsi zərurəti ilə bağlıdır. Bununla bağlı Azərbaycan tərəfinə müraciət ünvanlanıb: "Hesab edirəm ki, Azərbaycan tərəfi 2008-ci il prezident seçkilərinin əvvəlkilərlə müqayisədə daha demokratik və şəffaf şəkildə keçirilməsi üçün əlindən gələni edəcək və siyasi iradə nümayiş etdirəcək."

Onun fikrincə, AŞPA-nın apreldə keçiriləcək yaz sessiyasında Azərbaycanın öhdəliklərinə dair müzakirələr normal və konstruktiv keçəcək. Çünki Monitorinq Komitəsində çıxış edən AŞPA deputatları Azərbaycanda gedən prosesləri müsbət qiymətləndirdilər.

Xəbər lenti

Xəbər lenti