...

Sumqayıtda baş vermiş hadisə ilə bağlı Bakıda qurulmuş postlar yığışdırılıb

Siyasət Materials 30 Mart 2007 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Dünən Sumqayıt şəhəri ərazisində polisə məxsus avtomobilə atəş açan şəxslərin axtarışı ilə bağlı Bakı şəhəri ərazisində qurulmuş postlar yığışdırılıb. Bu barədə cümə günü Trend ə Bakı Şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi Şamil Seyidli məlumat verib. Seyidli bildirib ki, cinayəti törədən şəxslərin axtarışı məqsədilə qurulmuş postlar Daxili İşlər Nazirliyinin tapşırığı ilə yığışdırılıb. Həmin şəxslərin axtarışını Sumqayıt Şəhər Polis İdarəsi həyata keçirir.

Faktla bağlı başlanmış cinayət işinin istintaqını aparan Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Nəsimi Səfərov Trend ə bildirib ki, hazırda həmin şəxslərin axtarışı davam etdirilir. Şübhəli şəxs qismində saxlanılan yoxdur.

Sumqayıt şəhərinin 41-ci A məhəlləsi ərazisində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis serjantı Qalib Tanrıverdipurun idarə etdiyi xidməti "Tofaş" avtomobilinə atəş açılıb. Hadisə zamanı avtomobildə olan İlham Əmirli və Seyhun Tanrıverdipur odlu silahdan açılan atəş nəticəsində bədən xəsarəti alıb. Polis əməkdaşı isə avtomobilin sınmış pəncərə şüşələrindən yüngül bədən xəsarəti alıb, avtomobilə qismən ziyan dəyib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə sui-qəsd) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. Müstəntiq hadisənin 2-3 nəfər şəxs tərəfindən törədildiyinin ehtimal olunduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti