...

Politoloqlar hesab edir ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması Azərbaycanda iqtisadi və ekoloji problemlər yaradacaq

Siyasət Materials 2 Aprel 2007 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Son vaxtlar ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması ilə bağlı yayılan informasiyalar və Fars körfəzində Amerika hərbi qüvvələrinin aktivləşməsi azərbaycanlı siyasətçilər tərəfindən birmənalı qarşılanmır. Politoloq Rüstəm Məmmədov hesab edir ki, ABŞ hərbi əməliyyatlara başlasa, region dövlətlərində, xüsusilə Azərbaycanda ekoloji problem yaranacaq. Onun sözlərinə görə, hərbi əməliyyatlar İranda qaçqın problemi yaradacaq və regionda gərginlik artacaq ki, bu da iqtisadi-ticarət əlaqələrinin zəifləməsinə səbəb olacaq. Məmmədov bildirib ki, Azərbaycan bu məsələdə bitərəf mövqe tutmalıdır və İranla əlaqələrini qoruyub saxlamalıdır. Politoloq ABŞ-ın İranı bombalamaq ehtimalının 50 faizdən çox olduğunu deyib.

Digər politoloq İlqar Məmmədov isə ABŞ-ın İranı yaxın zamanlarda bombalama ehtimalının çox aşağı olduğunu bildirib. Çünki bunun üçün nə ABŞ-da daxili zəmin yaradılıb, nə də beynəlxalq ictimaiyyət hazırdır. Digər tərəfdən, indiki vaxtda İran nüvə silahının əldə edilməsi mərhələsinə çatmayıb. Ancaq məsuliyyətsiz qərar da verilə bilər. Məmmədovun fikrincə, hərbi əməliyyatlar başlayana qədər ABŞ-da və regionda şərait dəyişəcək. Azərbaycana təsir isə bilavasitə yarana biləcək şəraitdən asılıdır. Yəni İrana hərbi əməliyyatlar başlayana qədər Azərbaycan beynəlxalq koalisiyanın fəal üzvünə çevrilə bilər. Bu halda regionda böyük siyasi dəyişikliklər baş verəcək. Bundan əlavə İranın müəyyən qədər olsa da beynəlxalq dəstəyə malik olması, ABŞ-ın İraq siyasətinin kifayət qədər uğur qazana bilməməsi faktı da müharibənin başlama ehtimalını aşağı salır. Bəlkə də rəsmi Vaşinqton İranı bombalamaq qərarını versə, bu onların daha çox əleyhinə işləyəcək, nəinki lehinə.

Politoloq Leyla Əliyeva hesab edir ki, ABŞ İrana qarşı hərbi əməliyyatlara başlamazdan öncə mütləq region və İrana qonşu dövlətlər ilə məsləhətləşmələr aparacaq. Onun fikrincə, hərbi əməliyyatlar qısa müddətli olsa, bunun Azərbaycana təsiri olmayacaq. Uzun müddətli olsa, qaçqın problemi yaranacaq. Azərbaycan iqtisadiyyatının İranla birbaşa əlaqəsi olduğu üçün iqtisadi problemləri yaranacaq.

Xəbər lenti

Xəbər lenti