...

AMİP sədri: "Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi özünü doğrultmadı"

Siyasət Materials 2 Aprel 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (SƏM) artıq fəaliyyət göstərmir. Bu barədə həmin qurumda təmsil olunmuş Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov açıqlama verib.

O bildirib ki, SƏM rəsmi şəkildə olmasa da, faktiki olaraq buraxılmış sayılır. Çünki qurumun toplantıları keçirilmir, heç bir sahədə fəaliyyət yoxdur: "Biz bu quruma qoşulanda çox optimist fikirdə idik. Təəssüf ki, Siyasi Əlaqələndirmə Mərkəzi özünü doğrultmadı. Hesab edirəm ki, qurum yaradılanda olduğu kimi, buraxılanda da biz bir-birimizin əlimizi sıxıb sivil şəkildə ayrılmağı bacarmalıyıq"-deyə AMİP sədri qeyd edib.

Rüstəmov onu da deyib ki, müxalifətin yeni güc mərkəzinin yaranması ilə bağlı danışıqlarda AMİP də iştirak edir. Lakin AMİP əvvəlki təcrübələrdəki uğursuzluqlara əsaslanaraq bu danışıqlara ehtiyatla yanaşır: "AMİP bütün görüşlərdə iştirak edir və yeni birlikdə təmsil olunmağa meyllidir. Amma bu razılaşmada, sazişin şərtlərində elə məsələlər ola bilər ki, bizi qane etməsin. Ona görə yeni birliyin perspektivi əvvəlcədən görünməlidir".

Müxalifətçi Milli İstiqlal Partiyası 1992-ci ildə Etibar Məmmədovun rəhbərliyi ilə yaradılıb. Partiyanın lideri E.Məmmədov 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti