...

Milli Məclisin sədri: "907-ci düzəlişin tam ləğvi Azərbaycan- ABŞ münasibətlərinin inkişafına yeni impuls verərdi"

Siyasət Materials 3 Aprel 2007 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ ABŞ-ın 907-ci düzəlişin hər il bir il müddətinə dayandırmasını yüksək qiymətləndiririk və bu düzəlişin tam ləğvi Azərbaycan- ABŞ münasibətlərinin inkişafına yeni impuls verərdi. Çərşənbə axşamı Bakıda ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Piter Hoekstranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Milli Məclisin sədri Oqtay Əsədov belə deyib.

O.Əsədov qeyd edib ki, ABŞ nümayəndə heyətinin ölkəmizə səfəri Milli Məclislə Konqres arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.

O bildirib ki, dövlət başçılarının siyasi iradəsi nəticəsində iki tərəfli əlaqələr strateji əməkdaşlıq səviyyəsinə yüksəlib.

Spiker qeyd edib ki, antiterror koalisiyasının üzvü kimi Azərbaycan hərbçiləri  Kosovoda, Əfqanıstanda və İraqda NATO sülhməramlıları ilə birlikdə  beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edirlər: "Biz parlamentlər səviyyəsində münasibətlərimizin inkişafını da önəmli hesab edirik. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Biz bu məsələ ilə əlaqədar bu ilin fevralında Milli Məclislə  ABŞ hökuməti arasında imzalanmış memorandumu yüksək qiymətləndirir və bu sənədin parlamentlərarası əlaqələrin inkişaf dinamikasına  müsbət təsir göstərəcəyinə inanırıq."

O.Əsədov bildirib ki, sürətlə inkişaf edən Azərbaycanın təkcə Qafqaz deyil, Avropa təhlükəsizlik arxitekturası üçün də böyük təhlükə yaradan Dağlıq Qarabağ kimi problemi var. Rəsmi Bakı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi məsələnin həllində ABŞ tərəfdən səylərin artırılacağına ümid edir və inanır ki, problem beynəlxalq hüquq normaları çərçivəsində tezliklə öz ədalətli həllini tapacaq.

Piter Hoekstra ölkəmizə səfərinin məqsədini açıqlayaraq parlamentlər səviyyəsində münasibətlərin inkişafının əhəmiyyətini vurğulayıb.  Qeyd edib ki, qanunvericilik orqanları arasında təcrübə, informasiya mübadiləsi və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri böyük önəm daşıyır.

Xəbər lenti

Xəbər lenti