...

Azərbaycanla Rusiya arasında humanitar sahədə əməkdaşlıq proqramı təsdiq edilib

Siyasət Materials 10 Aprel 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "2007-2009-cu illər üzrə humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq proqramı" təsdiq olunub.

Sənəd barədə Milli Məclisin Elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev məlumat verib. O qeyd edib ki, sənəd 2006-cı ildə Bakıda imzalanıb və 2007-2009-cu illər ərzində humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Onun sözlərinə görə, proqram humanitar sahənin bütün istiqamətlərini, o cümlədən elm və təhsil sahəsində konkret əməkdaşlığın inkişaf etdirilməsi üzrə tədbirlər sistemini əks etdirir: "Bu proqram Rusiyada Azərbaycan dilində, Azərbaycanda isə rus dilində vətəndaşların təhsil alması imkanlarının genişləndirilməsi üçün işlərin davam etdirilməsini və digər məsələləri əhatə edir."

Deputat Nəsib Nəsibli bildirib ki, proqrama görə, Azərbaycan və Rusiya humanitar, xüsusilə də tarix sahəsində bir sıra məsələləri razılaşdırmalıdır. N.Nəsibli qeyd edib ki, rus tarixçilərinin Qafqaza, Azərbaycan-Ermənistan münaqişəsi, ermənlərin Qafqaza gəlməsi kimi tarixi hadisələrə öz baxışları var. Azərbaycan Rusiyanın işğalı altında olub və bu məsələyə də azərbaycanlı alimlərlə rus alimlərinin yanaşması fərqlidir.

Rusiyanın ali məktəblərinin potensilalının zəif olduğunu vurğulayan, Rusiyanı Qərbin şagirdi adlandıran deputat bu ölkə ilə əməkdaşlığın əleyhinə çıxıb. N.Nəsiblinin fikrincə, Azərbaycan elmi sahədə Qərblə əməkdaşlıq etsə, daha yaxşı olar.

Deputat Cəmil Həsənli həmkarı ilə razılaşmayıb. O, Rusiyanın böyük elmi potensiala malik olduğunu söyləyib. C.Həsənli Rusiya ilə elmi sahədə əməkdaşlığın Azərbaycan üçün faydalı olacağını deyib. Amma C.Həsənli tarix və bir sıra başqa sahələrdə əməkdaşlığın istiqamətlərinin razılaşdırılmasının əleyhinə çıxıb.

Deputat Yaqub Mahmudov sazişin 2 bəndində ziddiyyətli məqamlar olduğunu bildirib. Onun sözlərinə görə, proqramın 31-ci maddəsində göstərilir ki, həm Rusiyada yaşayan azərbaycanlılar, həm də Azərbaycanda yaşayan ruslar öz ana dillərində təhsil ala bilərlər. Həmin maddənin 3-cü bəndində isə xüsusi fərq qoyulur. Deyilir ki, ruslar Azərbaycanda orta və ali məktəblərdə, azərbaycanlılar isə Rusiyada yalnız bazar günü məktəblərində öz ana dillərində təhsil ala bilərlər. Deputat bunu qeyri-bərabərlik yaradan şərt kimi qiymətləndirib.

Gərgin keçən müzakirələrdən sonra Milli Məclis "2007-2009-cu illər üzrə humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq proqramı"nı təsdiq edib.

Xəbər lenti

Xəbər lenti