...

Millət vəkili Elmira Axundova: "Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində dəyişikliyi siyasiləşdirmək lazım deyil"

Siyasət Materials 10 Aprel 2007 20:33 (UTC +04:00)
Millət vəkili Elmira Axundova: "Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində dəyişikliyi siyasiləşdirmək lazım deyil"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Mən hələ bir neçə ay əvvəl Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibindən başqa bir qrupa dəyişdirilməyim üçün Milli Məclisin rəhbərliyinə müraciət etmişdim və ona görə də bu məsələni siyasiləşdirmək, burada başqa mənalar axtarmaq lazım deyil. Bu barədə çərşənbə axşamı Trend ə eksklüziv açıqlamasında millət vəkili Elmira Axundova bildirib.

E.Axundova qeyd edib ki, o, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin əvəzedici heyətində təmsil olunub: "Buna baxmayaraq mən çox aktiv işləmişəm. AŞPA-dakı işimlə əlaqədar ayda ən azı bir dəfə xaricə səfər etmişəm, komitələrin iclaslarında iştirak etmişəm. Bu, mənim üçün çətin idi və ona görə də bir neçə ay əvvəl parlament rəhbərliyinə müraciət etmişdim ki, mümkünsə məni başqa bir qrupa keçirsinlər. "

Millət vəkili vurğulayıb ki, Azərbaycanı AŞPA-da təmsil edən millət vəkilləri digər beynəlxalq təşkilatlardakı təmsilçilərdən daha çox işləyirlər. Belə ki, AŞPA-nın tədbirlərində iştirak etmək üçün ən azı ayda bir dəfə xaricə səfər etmək, məruzələrin müzakirəsinə qatılmaq və Azərbaycana səfər edən Avropa Şurası təmsilçiləri ilə işləmək lazımdır: "Mənim üçün bu, bir qədər çətin olduğu üçün parlamentin rəhbərliyinə müraciət etdim və bildirdim ki, ratasiya olanda məni AŞPA-dakı nümayəndə heyətinin tərkibindən azad etsinlər. Lakin bir şərtlə ki, başqa bir təşkilatdakı nümayəndə heyətinin tərkibinə daxil etsinlər."

E.Axundova qeyd edib ki, belə bir müraciət etməsi səhhəti və ailə problemləri ilə bağlıdır. Bundan başqa 4-5 cildlik kitablar üzərində işlədiyinə görə yaradıcılıq problemləri də var və AŞPA-dakı nümayəndə heyətinin üzvü olması ədəbi yaradıcılıq sahəsində tam gücü ilə işləməsinə mane olur: "İstəyirəm ki, bu il həmin kitabları tamamlayım və çox böyük bir layihə üzərində işləyim."

Millət vəkili bildirib ki, bu məsələ texniki xarakter daşıyır və bunu siyasiləşdirməyə ehtiyac yoxdur. O deyib ki, bəzi qüvvələr bu məsələni siyasiləşdirmək və parlamentdə Hüseyn Abdullayevlə bağlı etdiyi çıxışla əlaqələndirmək istəyirlər.

"Guya ki, Hüseyn Abdullayevlə bağlı məsələ parlamentdə müzakirə edilən zaman mən onu müdafiə edən çıxış etdiyimə görə AŞPA-dakı nümayəndə heyətinin tərkibindən azad olunmuşam. Belə bir məsələ yoxdur və mənə münasibət yaxşıdır."

Hazırda deputat seçildiyi Masallı rayonunda olduğunu deyən E.Axundova bildirb ki, aprelin 9-da Masallıya səfər edən prezident İlham Əliyevlə görüşüb: "Mən Masallının problemləri ilə bağlı prezidentlə 10 dəqiqəyə yaxın söhbət etdim. Prezident İlham Əliyevlə görüşümdə iş adamlarının iştirakı ilə Masallıda biznes-forumun keçirilməsi təklifini irəli sürdüm, bununla bağlı müzakirə apardıq."

E.Axundova vurğulayıb ki, məmnuniyyətlə başqa bir beynəlxalq təşkilatdakı nümayəndə heyətinin tərkibinə keçəcək. Onun sözlərinə görə, bu məsələ də hələlik bitməyib: "Mənə təklif etdilər və bununla məmuniyyətlə razılaşdım. Amma mənim yerimə kimin təyin olunacağı dəqiqləşməyib."

Millət vəkli yeni təkliflə də çıxış edib. Bildirib ki, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edən deputatlar bir neçə ildən bir ayrı-ayrı qruplarda işləsələr, daha yaxşı olar. Bu, digər deputatların da beynəlxalq təşkilatlarda işləmələri üçün təcrübə toplamalarına imkan verər.

O sonda vurğulayıb ki, millət vəkili kimi aktiv işini davam etdirəcək.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elmira Axundova bir neçə gün əvvəl Müsavat deputat qrupunun üzvü İltizam Əkbərli ilə əzəv olunub.

Xəbər lenti

Xəbər lenti