...

Müxalifət partiyası Bakı Şəhər İcra Hakimiyyətinə təkrar müraciət etdi

Siyasət Materials 11 Aprel 2007 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası (ADP) çərşənbə günü təkrar məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə partiyanın IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov məlumat verib.

Partiya Bakı Şəhər İcra Hakimiyyətindən aprelin 14-də ADP-nin qurultayının keçirilməsi üçün yer ayırmasını istəyir. Bundan əvvəlki müraciətə cavab olaraq paytaxt rəhbərliyi Binəqədi rayonundakı "Mədəniyyət evi"ndə qurultayın keçirilməsinə razılıq vermişdi. Lakin sonradan həmin obyektin rəhbərliyi oranın təmirə dayandığını əsas gətirərək və burada tədbir keçirilməsinin mümkün olmadığı bildirib.

A.Şahbazov paytaxt rəhbərliyinə təkrar müraciətində bildirib ki, qurultay üçün başqa bir yer ayrılsın: "Bakı Şəhər İcra Hakimiyyəti harada yer ayırsa, orada da qurultayımızı keçirəcəyik. Əgər İcra Hakimiyyəti bizə yer ayırmasa, mütləq hər hansı bir yerdə: açıq havada, parkda öz tədbirimizi keçirəcəyik"-deyə Şahbazov qeyd edib.

Müxalifəti təmsil edən ADP-nin siyasi kursunda dəyişiklik edilməsi ilə bağlı qərarından sonra partiya iki yerə - Sərdar Cəlaloğlu və Rəsul Quliyevin tərəfdarlarına bölünüb. Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti