...

Nümayəndə heyətinin üzvü: "AŞPA-nın sessiyasında Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcəyik"

Siyasət Materials 16 Aprel 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcəyik. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva məlumat verib.

Paşayeva qeyd edib ki, sessiya çərçivəsində bir sıra məsələlər, Azərbaycanın Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliyin müzakirəsi nəzərdə tutulub: "Sessiyanın bir günü Avropada demokratiyanın və insan hüquqlarının vəziyyətinə həsr olunacaq. Biz Ermənistanın indiyə qədər BMT Təhlükəsizlik Şurasının dörd, AŞPA-nın 1416 saylı qətnaməsinə və Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklərə məhəl qoymaması və 15 ildən artıqdır ki, işğal etdikləri əraziləri boşaltmaması məsələsini qaldıracağıq."

Millət vəkili deyib ki, Avropada insan hüquqlarının vəziyyəti müzakirə olunan zaman 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının 15 ildən artıqdır ki, tapdanması məsələsi gündəmə gətiriləcək.

Onun fikrincə, Ermənistanın bu işğalçılıq mövqeyindən çəkilməməsi və bunun nəticəsində 1 milyon insanın hüquqlarının pozulması prosesinin indi də davam etməsi Avropada insan hüquqlarının tapdanmasının bariz nümünəsidir.

"Avropa strukturları haqqı tapdanan insanların haqlarının bərpası və AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnaməsinin yerinə yetirilməsi istiqamətində addımlar atmalıdır" - deyə nümayəndə heyətinin üzvü qeyd edib.

Bir neçə saatdan sonra Strasburqda AŞPA-nın yaz sessiyası öz işinə başlayacaq. Sessiyada Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə ediləcək. İclasda Səməd Seyidov, Gültəkin Hacıyeva, Sabir Hacıyev, Qənirə Paşayeva, Əli Hüseynov və Rafael Hüseynovdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak edir. Sessiya aprelin 20-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti