...

Deputat: "Azərbaycan "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul olunmasından imtina etmir"

Siyasət Materials 16 Aprel 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul olunmasından imtina etmir. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva məlumat verib.

Azərbaycan Avropa Şurasına daxil olarkən öz üzərinə "Alternativ hərbi xidmət haqqında" qanun qəbul olunması ilə bağlı öhdəlik götürüb. Lakin rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Azərbaycan bu qanunu qəbul edə bilməz. Bu öhdəliyin yerinə yetirilməməsi AŞPA həmməruzəçilərinin Azərbaycanla bağlı hesabatında da qeyd olunub.

Nümayəndə heyətinin üzvü vurğulayıb ki, Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərdən obyektiv səbəblər üzündən yalnız ikisinin icrası bugünədək reallaşmayıb. Bunlardan biri Etmənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi, digəri isə "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul olunmaması məsələsidir.

"Alternativ hərbi xidmət haqqında" qanunla bağlı Azərbaycan cəmiyyətində ciddi müzakirələrin açılmasına ehtiyac var. Çünki Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Düzdür, biz bu öhdəlikdən imtina etmirik. Ancaq bu öhdəliyin, daha doğrusu, bu qanunun qəbulu üçün vaxt, zaman amili daha çox aktuallıq kəsb edir" - deyə Paşayeva vurğulayıb.

Onun fikrincə, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin böyük əksəriyyətini yerinə yetirib.

Bir neçə saatdan sonra Strasburqda AŞPA-nın yaz sessiyası öz işinə başlayacaq. Sessiyada Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər müzakirə ediləcək. İclasda Səməd Seyidov, Gültəkin Hacıyeva, Sabir Hacıyev, Qənirə Paşayeva, Əli Hüseynov və Rafael Hüseynovdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak edir. Sessiya aprelin 20-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti