...

Qənirə Paşayeva: "AŞPA-nın sessiyasında Azərbaycanın öhdəliklərinin müzakirəsi konstruktiv keçdi"

Siyasət Materials 16 Aprel 2007 21:21 (UTC +04:00)
Qənirə Paşayeva: "AŞPA-nın sessiyasında Azərbaycanın öhdəliklərinin müzakirəsi konstruktiv keçdi"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasının bu günki iclasında Azərbaycanın Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklərin müzakirəsi konstruktiv keçdi. Bu barədə bazar ertəsi telefonla hazırda Strasburqda olan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva məlumat verib.

Q.Paşayeva qeyd edib ki, müzakirələri zamanı Azərbaycanın əldə etdiyi uğurlar vurğulanmaqla yanaşı bəzi tənqidi məqamlar qeyd olunub. "Əsas tezis ondan ibarət idi ki, Azərbaycanda bütün sahələrdə inkişaf gedir", -deyə nümayəndə heyətinin üzvü vurğulayıb.

Onun sözlərinə görə, müzakirələr zamanı Ermənistanın AŞPA-dakı nümayəndə heyəti Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə bağlı məruzədə düzəliş etmək təklifi ilə çıxış ediblər. "Azərbaycanın Dağlıq Qarabağ münqişəsi ilə bağlı öhdəliyi var. Biz çıxışlarımızda bu məsələyə də toxunduq, Azərbaycanın əldə etdiyi uğurlardan danışdıq. Eyni zamanda qeyd etdik ki, Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz üzərlərinə öhdəlik götürüblər. Bildirdik ki, bu öhdəlik yerinə yetirilməyib. Amma bunun əsas günahkarı Ermənistandır. Çünki Ermənistan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl etmir, AŞPA-nın 1416 saylı qətnaməsini yerinə yetirmir", -deyə millət vəkili əlavə edib.

Q.Paşayevanın sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri vurğulayıblar ki, Ermənistan bu münaqişənin həll olunması üçün heç bir konstruktiv addım atmır. Əksinə, vəziyyəti daha da gərginləşdirəcək fəaliyyət göstərir. "Biz vurğuladıq ki, erməni separatçıları Ermənistanın dəstəyi ilə iyulda Azərbaycanın ayrılmaz ərazisi olan Dağlıq Qarabağda qondarma prezident seçkiləri keçirməyə hazırlaşırlar. Avropa Şurası bunun qarşısmını almalıdır", -deyə deputat vurğulayıb.

Q.Paşayeva deyib ki, erməni deputatların sənəddə Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsus olmasını göstərən bənddə düzəliş etmək cəhdləri baş tutmayıb: "Belçika nümayəndə heyətinin üzvü Qraf da bu düzəlişin qəbul oluna bilməməzliyi ilə bağlı Azərbaycan nümayəndə heyətinin mövqeyini dəstəklədi. Nəticədə bu sənəddə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu bir daha öz əksini tapdı."

Millət vəkili qeyd edib ki, müzakirələrin sonunda həmməruzəçilərin məruzəsi qəbul olunub. Sənəddə Azərbaycanın əldə etdiyi uğurlarla yanaşı bir sıra tövsüyyələr də irəli sürülüb.

Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası öz işinə başlayıb. İclasda Səməd Seyidov, Gültəkin Hacıyeva, Sabir Hacıyev, Qənirə Paşayeva, Əli Hüseynov və Rafael Hüseynovdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak edir. Sessiya aprelin 20-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti